Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyi ilə əlaqədar universitet rəhbərliyi ölkənin aparıcı media qurumlarının nümayəndələri ilə görüş keçirib.

 

Görüşün məqsədi media qurumlarını ölkənin yeganə ixtisaslaşmış pedaqoji ali təhsil müəssisəsinin 100 illiyi ilə bağlı görülən işlər, universitetdə tətbiq edilən yeniliklər və qarşıda duran vəzifələrlə tanış etmək, bu sahədə Kütləvi İnformasiya Vasitələri ilə əməkdaşlıq və qarşılıqlı fəaliyyət imkanlarını müzakirə etmək olub.

 

Universitetin rektoru, professor Cəfər Cəfərov son illər ərzində ali təhsil müəssisəsində görülən işlərdən, əldə olunan nəticələrdən danışıb. Bildirib ki, aparılan ardıcıl islahatlar nəticəsində artıq ötən il universitetdə pedaqoji ali təhsilin bütünlükdə tədris proqramı və planları yenidən işlənərək təsdiq olunub, bütün pedaqoji ixtisaslarda inklüziv təhsil və STEM fənlərinin tədrisinə başlanılıb:”2021-2022-ci tədris ilinin qəbul planına bakalavriat pilləsində ADPU və filiallar üzrə yeni ixtisaslar daxil edilib, ilk dəfə bu ildən riyaziyyat müəllimliyi və ibtidai sinif müəllimliyi ixtisaslarında ingilis bölməsi üzrə də qəbul aparılacaq. Bu vaxta qədər ADPU-da Azərbaycan və rus bölmələri fəaliyyət göstərirdi. İlk dəfə magistraturada pedaqogika ixtisaslaşması üzrə SABAH magistraturası və MBA ixtisaslaşması üzrə qəbul aparılacaq. Artıq ötən ildən etibarən ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birgə magistratura səviyyəsində Təhsil ixtisası üzrə beynəlxalq ikili Diplom Proqramına bu il də dövlət hesabına qəbul həyata keçiriləcək”.

 

Universitetin sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev ali məktəbin 100 illiyi ilə bağlı görülən işlər haqqında qısa təqdimatla çıxış edib.

 

Tədbirdə ADPU-nun Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən hazırlanan “ADPU fanıtım” filmi də nümayiş olunub.

 

Daha sonra jurnalistlərin sualları əsasında pedaqoji təhsilin inkişafı və yeniliklərlə bağlı ətraflı müzakirələr aparılıb. Vətən müharibəsi iştirakçıları olan tələbələrə qayğı, işğaldan azad olunan bölgələrdə təhsil quruculuğunda pedaqoji universitetin rolu, yeni dövrün təhsil trendləri, bakalavriat, magistratura səviyyəsində tətbiq edilən yeniliklərlə bağlı jurnalistlərin sualları cavablandırılıb.

 

Qeyd edək ki, görüşdə AZƏRTAC, TREND, Report, APA, Türküstan, AZpress informasiya agentlikləri, Azxeber.com, Təhsil.biz xəbər portalları, “Məktəb Guşəsi” təhsil portalı, Azərbaycan Universitetləri səhifəsinin və digər xəbər saytlarının nümayəndələri, universitetin prorektorları, müvafiq struktur rəhbərləri iştirak ediblər.