Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları AMEA-nın elmi tədqiqat institutlarının kitabxanalarında qabaqcıl kitabxana informasiya sistemini tətbiq etmək məqsədilə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Elmi Kitabxanasına ezam olunublar.

 

MEK-in İnnovativ layihələr şöbəsinin müdiri Səyyarə Məmmədova, Avtomatlaşdırma və proqram təminatı şöbəsinin müdiri Natavan Hacıyeva, Reproqrafiya şöbəsinin müdiri Sərdar Cabarov, Xarici dillərdə ədəbiyyat fondunun müdiri Kubra Sadıqova səfər əsnasında MEK-in çoxşaxəli fəaliyyəti, iş prinsipləri və sistemi, mövcud bazaları, fondları haqqında həmkarlarına geniş məlumat veriblər. Eyni zamanda ŞAR Elmi Kitabxanasının iş rejimi və fəaliyyəti, kitabxananın tarixi, mövcud fondları və fondlarının tərkibi, texniki avadanlıqları ilə yaxından tanış olublar.

 

MEK əməkdaşları tərəfindən kitabxananın elektron informasiya avadanlıqlarının vəziyyəti nəzərdən keçirilərək orada İRBİS-64 AKİS-in proqram təminatı quraşdırılıb (kitablar, jurnallar, tammətnli verilənlər bazaları yaradılıb). Dünyanın zəngin kitabxanalarında daha çox tətbiq olunan ARBİKON və LİBNET mərkəzləşdirilmiş kataloqlaşdırılma bazalarından istifadə edilərək, ŞAR Elmi Kitabxanasının fondlarında astronomiya və astrofizikaya aid rus dilli ədəbiyyatların verilənlər bazasına avtomatik yüklənməsi təmin edilib. Bu isə gün ərzində çoxlu sayda kitabların bazaya daxil edilməsinə imkan verir.

 

Beləliklə, ŞAR-ın Elmi Kitabxanasının avtomatlaşdırılmış kitabxana elektron kataloqunun onlayn sistemə qoşulması tam hazır vəziyyətə gətirilib və əməkdaşlar proqramdan istifadə qaydaları haqqında təlimatlandırılıb.