Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Süni İntellekt Mühəndisliyi” magistratura proqramı tədris ediləcək.

 

Universitetdən bildirilib ki, iki illik qabaqcıl “Süni İntellekt Mühəndisliyi” magistratura proqramı həm tədqiqat və həm də müvafiq sənaye sahələri üçün nəzərdə tutulub. Beləliklə, tədris proqramı tələbələrin elmi araşdırma yürütmələri üçün geniş imkanlar təqdim etməklə yanaşı, onların müasir iş yerlərində süni intellektlə bağlı tələb olunan bilik və bacarıqlara yiyələnmələrinə də adekvat dəstək vermək baxımından tərtib edilib. Proqramın məzunları gələcək nəsil intellektual sistemlərin qurulmasına öz töhfəsini verəcək süni intellekt mütəxəssisləri, uğurlu süni intellekt əsaslı layihələrin komanda liderləri, yaxud insan və süni intellekt arasındakı qarşılıqlı əlaqələr üzərində işləyən süni intellekt dizeynerləri olacaqlar.

 

Proqramı uğurla bitirən məzunlar:

 

  • Süni intellekt texnologiyalarını hərtərəfli anlaya;
  • Sözügedən texnologiyaların hansı sahələrə tətbiq ediləcəyini müəyyən edə;
  • İnsan və iş mühitlərində sistemlərin necə tərtib olunduğunu və necə paylandığını dərk edə;
  • Yeni süni intellekt texnologiyaları və məhsullarının tərtibi və təkmilləşdirilməsi üzrə çalışan uğurlu komandalara liderlik edə biləcəklər.

 

Bundan başqa:

 

  • Süni intellekt tətbiqetmələrini təbii dil emalı, təsvir tanıma və kompüter görməsi, axtarış və optimallaşdırma, avtonom əməliyyatlar, duyğu və hiss analizi, agent dəstəkli sistemlər və bir çox əlaqəli sahələrə uyğun tərtib və tətbiq etməyi bacaracaqlar.
  • Emal sənayesi, biotibb və bioinformatika sahələri, robototexnika və nəqliyyat sistemləri üçün dəstək təmin edə;
  • Həmçinin, müvafiq bacarıqlar tələb edilən bank sektorunda çalışmaq üçün ixtisaslı ola biləcəklər.

 

Tədris proqramına qəbul Dövlət İmtahan Mərkəzinin tənzimləmələrinə əsasən həyata keçirilir.