Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə “AzerGold” QSC törəmə şirkəti “Daşkəsən Dəmir Filiz” MMC arasında təhsil və elmi-texniki inkişafa dəstək haqqında əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Müqaviləyə ADNSU-nun rektoru, professor Mustafa Babanlı və “Daşkəsən Dəmir Filiz” MMC-nin baş direktoru Oqtay Məmmədov imza atıblar.

 

Əməkdaşlıq sənədi ölkə ərazisində qara metal yataqlarının mineral xammal bazasının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və dağ-mədən sənayesinin inkişafı istiqamətində aparılan bir sıra tədbirlərin yerinə yetirilməsində məhsuldar tərəfdaşlıq əlaqələri yaratmaq məqsədi daşıyır.

 

Müqaviləyə əsasən, universitetdə dağ-mədən mühəndisliyi, geologiya, informasiya texnologiyaları sahələrinə uyğun ixtisaslar üzrə təhsilalanlar “Daşkəsən Dəmir Filiz” MMC-nin istehsalat bazasında təcrübəyə cəlb ediləcək, ali təhsil ocağının elmi-texniki heyətinin kəşfiyyat sahələrində və dağ-mədən müəssisələrində tədqiqat aparması üçün lazımi şərait yaradılacaq.

 

Bununla yanaşı, şirkətin sifarişi əsasında universitet tərəfindən müvafiq ixtisaslarda yüksək bilik və bacarıqlı kadrların hazırlanması, tələbə və gənc elmi-texniki mütəxəssislərin fəaliyyətinin stimullaşdırılması məqsədilə müxtəlif tədbirlərin həyata keçirilməsi,  universitetin analitik laboratoriya xidmətlərindən və maddi-texniki bazasından istifadə etmək üçün şəraitin yaradılması da nəzərdə tutulub.