Yaradıcı keyfiyyətlər yaradıcı dərslərdə, müəllimin kəşf etdiyi yeni texnologiyalar çərçivəsində formalaşır


XX əsrin 90-cı illərində akademik Azad Mirzəcanzadə texniki-humanitar elmlər liseyində şagirdlərə yaradıcılığın sirlərini öyrətməyə başladı. O, dərsdən sonra, əlavə məşğələ kimi,  öz təhsil konsepsiyası əsasında işləyib hazırladığı qeyri-adi kursu- “riyazi - fiziki - kimyəvi - tənqidi təfəkkür” kursunu tədris edirdi. Riyaziyyat, fizika, kimya fənlərinin bir-biri ilə əlaqəli olmasını hamımız bilirik. Qabaqcıl müəllimlər bu fənləri tədris edərkən həmişə fənlərarası əlaqədən istifadə ediblər. Görəsən, Azad Mirzəcanzadə bu fənlərin inteqrativ formada tədrisində nə üçün tənqidi təfəkkürün formalaşmasına önəm verib?

 

Əgər nəzərə alsaq ki, psixologiyada tənqidi təfəkkür, ilk növbədə, yaradıcı təfəkkürün  əsası kimi qiymətləndirilir (D.Xalperi), onda belə məlum olur ki, A.Mirzəcanzadə qarşısına  şagirdlərin yaradıcı təfəkkürünü formalaşdırmaq məqsədi qoymuşdur. Şagirdin yaradıcı təfəkkürünü  formalaşdırmaq üçün qeyri-adi yollardan istifadə edilməlidir. Azad Mirzəcanzadə də belə etmişdi, Şatalov da, Suxomlinski də, Amonaşvili də, Fatma Bünyadova da, F.Mustafayev də. Qabaqcıl müəllimlər şagirdin yaradıcı təfəkkürünü formalaşdırmaq üçün dərsi “qeyri-standart” formada həyata keçirmişlər və böyük pedaqoji uğur qazanmışlar. 

 

Sokratın pedaqoji “sirri” və ya müəllim şagirdlə əməkdaşlıq edəndə

 

Sokrat dərslərini dialoq üzərində qururdu. Bu metoddan istifadə edəndə o, yeniliklə üzləşdi. Sokratın tələbələri yeni bilikləri “kəşf” edirdilər...

 

Keçən əsrin 60-cı illərindən etibarən qabaqcıl müəllimlər bu metoddan istifadə etməyə başladılar. Sokrat metodunun tətbiqi müəllimlə-şagirdin əməkdaşlığına əsaslanır və dərs yeni məzmun kəsb edir, bu prosesdə analiz və sintezə önəm verilir. Analiz və sintez proseslərinin köklü psixoloji effektləri şagirdlərin idraki fəallığının yaranmasında özünü əks etdirir. Şagirdlər fəallaşdıqca, dərsin siması yeniləşir, müəllimlər şagirdləri fəallaşdırmağın yollarına yiyələndikcə və bu yolları daha dərindən əxz etdikcə dərsin uğurları sərhədləri aşır:  şagirdlərin idraki fəallığı artır, təfəkkürü inkişaf edir, “dilləri” açılır, nitqləri səlisləşir, müstəqil fikirlər səsləndirirlər.

 

Nə, harada, nə zamanvə ya şagirdlər əməkdaşlıq edəndə

 

Televiziya məkanında belə bir oyun var: “Nə, harada, nə zaman”. Bu oyunda iştirakçılara müxtəlif problemə həsr edilmiş suallar verilir. Bu suallar o qədər geniş coğrafiyanı əhatə edir ki, iştirakçıların onların hamısı haqqında məlumatı olması mümkünsüz görünür. Amma, nə qədər qəribə olsa da, onlar sualların çoxunun düz cavabını tapa bilirlər. Görəsən, bunun sirri nədir? Problemlə üzləşən insan problemi həll etmək üçün nəyisə yada salır, onu nə iləsə tutuşdurur, oxşar və fərqli cəhətləri götür-qoy edir. Bunlar fikri əməliyyatlar - analiz, sintez, müqayisə, mücərrədləşdirmə,  ümumiləşdirmə, konkretləşmə və s. adlanır. Göründüyü kimi, “Nə, harada, nə zaman” verilişinin iştirakçıları sualın cavabını axtaranda bir-birləri ilə əməkdaşlıq edir, fikri əməliyyatların gücündən istifadə edərək düzgün cavabı tapa bilirlər. Bu veriliş psixoloji tədqiqatların nəticələrinə əsaslanır. Hələ keçən əsrin sonlarında sinifdə şagirdlərin əməkdaşlığını həyata keçirmək  üçün interaktiv təlim metodları işlənib hazırlandı. Bu metodların tətbiqi dərsdə şagirdlərin əməkdaşlığına və onlarda fikri əməliyyatların formalaşması və inkişafına istiqamətlənib. Nəticədə şagirdlərin idraki fəallığı artır, sinifdə yaradıcı mühüt yaranır, şagirdlər bir - birinin ardınca yeni ideyalar irəli sürürlər. Bu, şagirdlərin inkişafında təfəkkür-təxəyyül paradokslarının çəkisini artırır.

 

İnkişaf konsepsiyasında təfəkkür-təxəyyül paradoksları

 

Klassik psixologiyada koqnitiv proses kimi xarakterizə edilən təfəkkür, XX əsrdə həyata keçirilən tədqiqatlar nəticəsində həm də kreativ proses kimi qiymətləndirildi. Nəticədə, müasir dərsin məzmununda yaradıcılıq prosesləri daha da çoxaldı.

 

Əbdül Əlizadənin fikrincə, kreativlik sərhədlərində təfəkkür təxəyyüllə qarşılıqlı əlaqədədir. Təxəyyül bütün adamlarda eyni səviyyədə inkişaf etmir. Ancaq bir cəhət dəqiq məlumdur: təxəyyülü güclü olduqca insanlar başqa insanları, təbiət və cəmiyyət hadisələrini daha yaxşı anlayırlar. Məsələnin belə qoyuluşu, təfəkkürlə bahəm təxəyyülün inkişafını dərsin başlıca problemlərindən birinə çevirir.

 

Uzun illər psixologiyada yaradıcı təfəkkür fenomeni bəlli olmayanda, təxəyyülün məziyyətlərini açıqlayanda onu yeni obrazların yaradılması kimi səciyyələndiriblər. Yaradıcı təfəkkür fenomeni kəşf olunanda, təxəyyül psixologiyasında da yeni istiqamət əmələ gəldi. Problemin mübahisəli məsələləri özünəməxsus psixoloji müstəvidə - təxəyyül və təfəkkür müstəvisində  açıqlanmağa başlandı. Əbdül Əlizadənin fikrincə, bu, yeni istiqamətdir. Təxəyyül obrazlarının əmələ gəlməsinin özünəməxsus psixoloji məkanı var: bu məkan hissi obrazla fikri obrazın mürəkkəb və çoxcəhətli sahəsindədir. Fikrin mücərəddən (fikri obrazdan) konkretə (hissi obraza) gedən yolu yaradıcı təxəyyül forması kimi qiymətləndirilir.

 

Təxəyyülün inkişafında təfəkkürün rolu şəksizdir və psixologiyada nisbətən geniş öyrənilib. Təfəkkürün inkişafında da təxəyyülün rolu önəmlidir. Əbdül Əlizadənin fikrincə, yaradıcı təfəkkür təxəyyül toxumasında əmələ gəlir.  İnsanın dünyaya yaradıcı münasibəti bilavasitə təxəyyüllə şərtlənir. Təfəkkürün yaradıcılıq potensialı ancaq bu sahədədir. Məsələnin belə qoyuluşu müasir məktəbdə təfəkkür - təxəyyül fenomenlərini şagirdlərdə qarşılıqlı əlaqədə inkişaf etdirməyi tələb edir. Bu müstəvidə dərsin öz möcüzələrini koqnitivlik və kreativlik sərhəddində reallaşdırılması üçün perspektivlər açılır. Müasir təhsil konsepsiyalarında təxəyyülün inkişafı və tərbiyəsi koqnitiv inkişafın önəmli problemi kimi dəyərləndirilir. İnteraktiv metodlar axarında artıq bu sahədə də yeni texnologiyalar əmələ gəlir. Onlarda bir cəhət diqqəti cəlb edir: təxəyyül təfəkkürlə qarşılıqlı əlaqədə inkişaf etdirilir.

 

Nağıldan məntiqə doğru

 

Uşaq təxəyyülünün özünəməxsus dialektikası var. Bu dialektikanın ümumi inkişaf mənzərəsi “nağıldan məntiqə doğru” istiqamətlənir.

 

Uşaq təxəyyülü mahiyyətcə nağıldan başlayır: özünün inkişafının ilk mərhələlərində nağıl obrazlarını asanlıqla mənimsəyir, dünyanı və özünün dünya mənzərəsini bilavasitə nağılvari ifadə vasitələri ilə əks etdirir. Bu ifadə vasitələri  tədricən inkişaf edir. Uşaq artıq fəaliyyət sahəsinin öz “dilində” danışmağa başlayanda, gəlib məntiq həddinə çatanda təxəyyüldə köklü keyfiyyət  dəyişiklikləri əmələ gəlir, hər şeydən öncə, təxəyyül realizmi formalaşır. Təxəyyül realizmi formalaşanda ifadə vasitələrinin yönümü dəyişir: onlar ixtisaslaşır.Bu psixoloji pedaqogikada yeni konsepsiyadır. Azərbaycanda bu konsepsiya Əbdül Əlizadənin nəzəri-metodoloji axtarışları kökündə fomalaşıb.

 

Y.E.Qolosovker “Mifin məntiqi” monoqrafıyasında təxəyyülün önəmli psixopedaqoji qatını kəşf edib.  “Təxəyyül yolu ilə öyrənmə” - bu kəşfin fundamental paradiqması belədir.Y.E.Qolosovker təxəyyülü psixopedaqoji kontekstdə təhlil etməyib. Ancaq onun önəmli axtarışları təxəyyül yolu ilə öyrənməni XXI əsrin, istedadlı uşaqlar əsrinin əsas psixopedaqoji konsepsiyası kimi açıqlamaq imkanı verir. Y.E.Qolosovker problemi psixopedaqoji konsepsiya axarında təhlil etmədiyi ücün onun psixodidaktik əsaslarını müəyyən etməmişdir. Halbuki təxəyyülün özünün köklü psixopedaqoji effektləri var. Müasir məktəb bu effektləri açmalı və onları mənimsəməlidir.

 

Psixoloqlar bərpaedici təxəyyülün interpretasiyasında onun “dərs resursları” nı qeyd edirlər. Bərpaedici təxəyyül  təsvir stixiyasında inkişaf edir.  A.V.Petrovskinin fikrincə, dərsdə təbiət təsvirləri, interyer və ya şəhər personajları, personajların şifahi portreti və s. (coğrafiya xəritələri də, tarixi təsvirlər də) məhz bu yolla mənimsənilir. Onun qənaətinə görə, bərpaedici təxəyyülün psixoloji effektləri hədsizdir. Bu kökdə, ilk növbədə, bədii qavrayış qaynaqlanır, ən başlıcası isə bərpaedici təxəyyül affektiv effektləri ilə şəxsiyyət faktoruna çevrilir. Bərpaedici təxəyyül dərslərində şagirdin bir şəxsiyyət kimi emosional aləmi formalaşır. Qabaqcıl müəllimlərin pedaqoji təcrübəsində bərpaedici təxəyyülün inkişafına diqqət yetirilir.

 

Kəşf yolu ilə öyrənmə və ya şagirdin dərsə qalib gəlməsi

 

Bərpaedici təxəyyülün inkişafı yaradıcı təfəkkürün formalaşması baxımından da xüsusi əhəmiyyətə malikdir. Yaradıcı təxəyyülün də “dərs resursları” böyükdür. Bu resurslar, ilk növbədə, “kəşf yolu ilə öyrənmə” prosesində həyata keçirilir. Kəşf yolu ilə öyrənmə prosesində təfəkkürlə bahəm yaradıcı təxəyyülün rolu əvəzsizdir.  XXI əsrin məktəbində yeni və önəmli psixopedaqoji texnikadan - “Kəşf yolu ilə öyrənmə” dərsləri formalaşmağa başlayıb.

 

Psixopedaqogikada “Kəşf yolu ilə öyrənmə” dərslərinin özünəməxsus  tarixi var.1909-cu il idi. Azərbaycan mətbuatında köklü bir pedaqoji-psixoloji  problem müzakirə olunurdu. Kəşf yolu ilə öyrənmə ideyası Üzeyir Hacıbəyovun görkəmli Azərbaycan  pedaqoqu Rəşid bəy Əfəndiyevlə polemikası prosesində  formalaşmışdır.

 

Bu problemin təfsirində Ü.Hacıbəyovun öz konsepsiyası vardı. O, “kəşf yolu ilə öyrənmə” ideyasını “Tərəqqi” qəzetində (6, 8 mart, 1 aprel 1909-cu il) dərc olunmuş məqaləsində açıqlamışdı.Ü.Hacıbəyovun fikrincə, “kəşf yolu ilə öyrədilən” kəlmələrin mənasını uşaqlar özləri tapıb, həmin sözlərin nə ifadə etdiyini və ana dillərində nəyin müqabili olduğunu şagirdlər özləri kəşf edirlər. Kəşf edəndə “uşağın əqli, xəyalı, dərrakəsi tərbiyə” tapır və bu kəşfiyyatdan dolayı uşaq özündə iqtidar hissi tapır. Ən başlıcası, “dərsə qalib gəldiyini” duyur. Şagirdin “dərsə qalib gəlməsi” - şagirdin yeni biliyi kəşf etməsinin psixoloji effekti belədir.

 

Kəşfin mnemik effektləri də var. Ü.Hacıbəyov bu cəhəti xüsusi vurğulayırdı. Onun fikrincə, “...bir şey kəşf edilən surətdə daha yaxşı yadda qalır”.

 

Bu hafizə psixologiyasında yeni məsələdir və kəşf kontekstində öyrənilməyib, ancaq mənalı yaddasaxlama kontekstində tədqiq olunub. Müəyyən edilmişdir ki, məna rabitələri yadda saxlama üçün əhəmiyyətli fenomendir.

 

Ü.Hacıbəyov ümumi pedaqogikanın və didaktikanın tələblərıni xatırlayır, “analiz, sintez, deduksiya və induksiya” qanunauyğunluqlarının nəzərə alınmasını zəruri hesab edir, dövrün psixoloji və pedaqoji uğurları kökündə linqvistik materiallarla kəşf yolu ilə öyrənmənin psixopedaqoji texnologiyasını açıqlayır.

 

XX əsrin 90-cı illərində isə ingilis psixoloqu C.Brünerin axtarışlarında “Kəşf yolu ilə öyrənmə” ideyası texnoloji parametrlərlə açıqlandı. Ona görə, insan dünyanı kateqoriyalar (anlayışlar) formalaşdırmaq yolu ilə mənalandırır. O, kodlaşdırma sistemi vasitəsilə bu kateqoriyaların qarşılıqlı əlaqəsini ayırd edir. C.Bruner kateqoriyaları və kodlaşdırma sistemini uzun müddətli hafizənin əsası kimi dəyərləndirir. Onun fikrincə, fənnin strukturu bu sahədə mövcud olan fundamental ideyaların qarşılıqlı əlaqəsini əks etdirir. Fənni, sözün əsl mənasında, öyrənmək və onu mənalandıra bilmək üçün şagirdlərin özlərinin kodlaşdırma sistemi olmalıdır. Kodlaşdırma sisteminin ən yaxşı üsulu isə onun şagirdin özünün kəşf etməsilə bağlıdır.

 

G.Lefransua təqdimatı ilə sualı aşağıdakı nümunə əsasında açıqlayır:

 

VII sinifdə təbiətşunazlıq dərsidir. Dərsin mövzusu belə idi: “Şehin düşməsi”. Müəllim şagirdlərə belə bir sualla müraciət edir: - şeh necə əmələ gəlir?

Şagird P. - Mən bilirəm. Yağışdan əmələ gəlir.

Şagird D. - Yox. Yağış olmayanda da şeh olur.

Müəllim  - Suala necə cavab verə bilərik?

Şagirdlər xorla - elmi-tədqiqat metodlarının köməyi ilə.

 

Müəllim şagirdlərin elmi metod anlamını dəqiqləşdirir. O, sonra aydınlaşdıırır ki, şeh deyəndə nə başa düşülür. Şagirdlərə təklif edir ki, müvafiq praktik müşahidələr aparsınlar və faktlar toplasınlar.

 

Növbəti dərslərin birində onlar özlərinin müşahidələrini ümumiləşdirirlər və bu faktlara söykənən intellektual ehtimallar (və ya fərziyyələr) irəli sürürlər (şeh gündən yaranır, şeh havadan əmələ gəlir, şeh obyektlərin özlərindən əmələ gəlir).

 

Müəllim şagirdlərə zəruri müşahidələr aparmaqda kömək edərək istiqamət verir: bəzi hallarda isə o, eksperimentlər fikirləşir: şeh nisbətən soyuq obyektlərdə əmələ gəlir, şeh buludsuz gecələrdə meydana çıxır, şeh əvvəllər tamamilə quru olan obyektlərdə əmələ gəlir...

 

Şagirdlər, nəhayət bələ bir nəticə ilə razılaşırlar: havada nəmişlik olanda su dənələri əmələ gəlir və onlar obyektin səthində toplaşırlar. Bundan sonra şagirdlər bu nəticənin doğru olmasını yoxlamaq üçün müxtəlif eksperimentlər fikirləşirlər.

 

Bu təcrübədə psixoloji cəhətdən aşağıdakı məqamlar seçimlidir:

 

- məsələnin və ya tapşırığın formulə edilməsi və şərhi;

- nümunələrin seçilməsi: müvafiq müşahidələrin aparılması;

- fərziyyələrin (müşahidələrə əsaslanan intellektual ehtimalların) irəli sürülməsi;

- fərziyyələrin təsdiq olunması və ya təkzib edilməsi məqsədilə testlərin, eksperimentlərin və başqa müşahidələrin işlənilməsi və aparılması;

- yeni informasiyadan istifadə olunması, onun genişləndırilməsi, ümumiləşdirilməsi - C.Brunerin kəşf yolu ilə öyrənmə nəzəriyyəsinin psixopedaqoji effektləri belədir. 

 

Onun fikrincə, təlim çoxcəhətli olmalıdır. Müxtəlif şəraitlərdə informasiya alan şagirdlərdə kodlaşdırma sistemi tez əmələ gəlir və yeni informasiyanın əsasını təşkil edir. Son zamanlar interaktiv metod kimi tətbiq olunan “Layıhələrin hazırlanması” metodunun bu baxımdan evristik əhəmiyyəti son dərəcə böyükdür.

 

Ü.Hacıbəyovun konsepsiyası ilə C.Brunerin konsepsiyasını qeydsiz-şərtsiz eyniləşdirmək birtərəfli olardı. Ancaq bir cəhət aydındır. Məsələnin nəzəri-metodoloji baxımdan qoyuluşu Ü.Hacıbəyovun konsepsiyasında da, C.Brunerin konsepsiyasında da eyni paradiqmalarla səslənir.

 

Nəticə

 

Akademik Azad Mirzəcanzadə tənqidi təfəkkürü inkişaf etdirməklə şagirdlərin yaradıcı keyfiyyətlərinin formalaşmasına çalışırdı. Sokrat bunun üçün dialoq metodundan istifadə edib. Üzeyir Hacıbəyov “kəşf yolu ilə öyrənmə” konsepsiyasını irəli sürüb. C.Bruner bu konsepsiyanın şagirdlərin yaradıcılığının inkişafındakı rolunu açıqlayıb. Əbdül Əlizadə şagirdlərdə yaradıcı keyfiyyətlərin formalaşması üçün təxəyyül yolu ilə öyrənmə konsepsiyasını irəli sürüb. Yaradıcılığı formalaşdırmağın standart yolu yoxdur. Həyatda yaradıcı insanların həyat-fəaliyyəti ilə hamımız az-çox tanışıq. Səttar Bəhlulzadə öz həyatının bənzərsiz səhifələrini “gözümüzün önündə” vərəqləmişdi. Hər bir yaradıcı insan qeyri-standart həyat tərzi ilə əlamətdar olur, o qəbul olunmuş etalonların çərçivəsinə sığmır, etalonlardan kənara çıxır. Görünür, yaradıcılığın məntiqi elə onun qeyri-standartlığındadır. Yəqin ona görədir ki, standart yolla yaradıcılığı inkişaf etdirmək olmur. Yaradıcı keyfiyyətlər yaradıcı dərslərdə, daha doğrusu, qeyri-standart dərslərdə, müəllimin kəşf etdiyi yeni texnologiyalar çərçivəsində formalaşır. Bunun üçün bir həqiqət məlumdur-Müəllim yaradıcı olmalıdır.

 

Hikmət ƏLİZADƏ,

Bakı Dövlət Universitetinin professoru