Belçikalı vunderkind doktorluq dissertasiyası üzərində işləyəcək


Belçikalı 11 yaşlı  Loran Simons bir il ərzində Antverpen Universitetində təhsilini başa vuraraq fizika üzrə bakalavr dərəcəsi alıb. Adətən bu ali məktəbdə bakalavr təhsili  üç il çəkir.

 

"Ən gənc bakalavr olub-olmamağım mənim üçün əhəmiyyətli deyil, əsas  bilik əldə etməkdir ", - deyə L. Simons bildirib. O,  klassik mexanika və kvant fizikasını öyrənməyə 2020-ci ilin aprelində başlayıb və o qədər həvəslənib ki, bütün digər dərsləri təxirə salıb.

 

Hazırda L.Simons Flamand Universitetində  fizika üzrə magistr dərəcəsi almaq istəyir. Eyni zamanda o, doktorluq dissertasiyası üzərində işləyəcək.

 

Uşaq həkim ailəsində anadan olub, buna görə də tibbi öyrənməyi, ölümsüzlük problemlərini araşdırmağı  planlaşdırır. "Bu, bədən orqanlarını süni orqanlarla  əvəz etmək məqsədim yolunda ilk addımdır. Ölümsüzlük mənim məqsədimdir",-deyə vunderkind bildirib.  

 

Qeyd edək ki, o, altı yaşında liseyə daxil olub və təhsilini 18 aya bitirib. Vunderkind səkkiz yaşında məktəb sertifikatı alıb.  2019-cu ilin dekabrında universitet təhsilini Eyndhoven Texniki Universitetində  bitirməli idi. Bu halda  dünyada 10 yaşına çatmamış ilk universitet məzunu olardı. Lakin  universitetin rəhbərliyi və uşağın valideynləri Loranın  təhsilini başa vurma tarixini razılaşdıra bilməyiblər. Buna görə də  uşaq təhsil müəssisəsini tərk edib.

 

Onun fotoqrafık yaddaşı var. İntellekt əmsalı (IQ) 145-dir. Bu cür göstərici dahilərə və Nobel mükafatı laureatlarına məxsusdur.

 

Atasının dediyinə görə, artıq dünyanın nüfuzlu universitetləri Loranın təhsil alması üçün ailəsinə müraciət ediblər.

 

Oruc MUSTAFAYEV