Bakı Slavyan Universitetində (BSU) “Məzun Günü” keçirilib.

 

BSU-nun rektoru səlahiyyətlərini icra edən, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev məzun-gəncləri təbrik edib, onlara həyatda və gələcək fəaliyyətlərində böyük uğurlar arzulayıb.

 

“Universitetimizin builki məzunları qalib ölkənin Zəfər ilinin məzunlarıdırlar. Bu sevinc və qürur dolu günü bizə yaşadan Ordumuza,  Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarıq”-deyə Anar Nağıyev bildirib. 

 

O,  məzunlara əldə etdikləri biliklərə inanmağı, özlərinə güvənməyi, bütün həyatları boyu oxumağı, öyrənməyi, müsbət məqamları dəyərləndirməyi və bölüşməyi, yaxşı əməli fəaliyyətləri ilə məzunu olduqları universitetin adını, şərəfini uca tutmağı tövsiyə edib.

 

A.Nağıyev, eyni zamanda BSU-nun ən yüksək ümumi orta müvəffəqiyyət göstəricisinə  malik olan məzunlarını qeyd edərək ali məktəbin gələcəkdə onlara lazımi  dəstək verəcəyinə inamını vurğulayıb.

 

BSU-nun Vətən müharibəsinin şəhidləri olan məzunları-Nicat Şükürlü, Kənan Rüstəmli və Elnur Allahverdizadənin adlarını hörmətlə çəkən  A. Nağıyev universitetin kollektivinin onların xatirəsini həmişə əziz tutacağını bildirib.

 

Tədbirdə iştirak edən Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli  məzunları nazirlik adından təbrik edib və onlara uğurlar arzulayıb. N.Məmmədli bildirib ki, ali təhsil illəri insan həyatının ən gözəl və unudulmaz dövrüdür. Gənclər universitetdə aldıqları biliklərlə kifayətlənməməli, ömürboyu təhsil imkanlarından istifadə etməli, gələcək həyatlarını daha uğurlu qurmalı, Azərbaycanın yeni quruculuğunda fəal iştirak etməlidirlər.

 

Nəsimi Rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev məzunlara gələcəkdə daha yüksək nəticələr əldə etməyi arzulayıb və BSU-nun pandemiya dövründə rayonun ictimai-siyasi, mədəni həyatında fəal iştirak edən tələbələrini Fəxri Fərmanla təltif edib.

 

BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova, şəhid polkovnik, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin həyat yoldaşı Güllü Mirzəyeva məzunları təbrik edərək onlara xoş arzu və diləklərini çatdırıblar.

 

Tədbirdə  bir qrup nümunəvi tələbəyə  “Fəxri Məzun” diplomu təqdim edilib.

 

“Məzun Günü” bədii hissə ilə sona çatıb.