Bu gün İbtidai sinif üzrə müəllimliyə keçirilən imtahanların sonuncu günü idi. Bu gün də 60 bal toplayaraq ən yüksək nəticə göstərən var. O, Sumqayıt şəhərindəki İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin müəllimi Gülnarə Hacıyevadır. Azərbaycan Müəllimlər İnstitutunun 2007-ci il məzunu olan Gülnarə Hacıyeva artıq 5 ildir müəllimdir: “İlk dəfə 2016-cı ildə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etdim. Həmin il imtahanlara özümü sınamaq məqsədilə qatıldım və 55 bal topladım. Qobustanda 195 nömrəli tam orta məktəbdə 1 il müəllim işlədikdən sonra yerdəyişmə müsabiqəsinə qatıldım. 2017-ci ildən Sumqayıt şəhər 1 nömrəli məktəbdə müəlliməm. IV siniflərə dərs deyirəm”.

 

G.Hacıyeva bu dəfə də imtahanlara özünü yoxlamaq üçün qatılıb: “Daim öz üzərimdə işləyirəm. Hər yeniliklə maraqlanıram və dərslərimdə  tətbiq etməyə çalışıram. Uşaqları, onlarla işləməyi çox sevirəm. Sertifikasiya öncəsi özümü yoxlamaq istədim. Kurikulumla bağlı materiallar çox oxuyuram. İxtisasartırmada iştirak edərək ikinci ixtisasa – Azərbaycan dili və Ədəbiyyat üzrə ixtisasa da yiyələnmişəm. Qabaqcıl müəllim olmaq istəyirəm. Ən böyük hədəfim budur”.

 

Ruhiyyə