Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir.

 

İmtahan Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunub.

 

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 93 imtahan binası, 1607 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 93 ümumi imtahan rəhbəri, 264 imtahan rəhbəri, 2101 nəzarətçi–müəllim, 223 buraxılış rejimi əməkdaşı, 93 bina nümayəndəsi təhkim edilib.

 

İmtahanda 21035 abituriyentin iştirakı nəzərdə tutulub. Abituriyentlərdən 19407 nəfər Azərbaycan, 1628 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 5176 nəfəri oğlan, 15859 nəfəri isə qızdır. 17540 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2952 nəfər əvvəlki illərin məzunudur. 51 nəfər ali təhsil müəssisələrinin, 492 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 74 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1963-cü ildən, ən gənci isə 2006-cı ildəndir.

 

İmtahanda 29 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) abituriyent də iştirak edir. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib. 

 

İmtahanın gedişini işıqlandırmaq üçün regionlar da daxil olmaqla,  50-dək KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.