Bakı Mühəndislik Universitetinin (BMU) məzunları “Yüksəliş” müsabiqəsinin qalibləri sırasında yer alıblar. Belə ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin Biznesin təşkili və idarə edilməsi ixtisasının 2017/2018-ci tədris ili üzrə MBA məzunu Nazim Novruzov və Dünya iqtisadiyyatı ixtisasının (ingilis dili) 2018/2019-cu il üzrə bakalavr məzunu Cəfər Cəfərov qalib adını qazanıblar.

 

Universitetdən bildirilib ki, C.Cəfərov “Yüksəliş” müsabiqəsinin ən gənc qalibi olub. O, təhsil aldığı dövrdə BMU-nu təmsil edən komandalarda uğurlu çıxışı ilə də fərqlənib.  2017-ci ildə onun da daxil olduğu BMU komandası universitetlərin maliyyə, biznes, iqtisadiyyat sahəsində təhsil alan bakalavr və magistr tələbələri arasında keçirilən ən prestijli biznes yarışmasında (Azərbaycan Biznes Keys Yarışması) birinci yeri tutub.

 

Məlumat üçün bildirək ki,  “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. “Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edib. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarət olub.

 

Ümumilikdə müsabiqəyə 11760 nəfər müraciət edib ki, onların arasında da idarəçilik bacarıqları və səriştələri ilə fərqlənən 27 nəfər şəxs qalib olub. Qaliblərin adı kadr ehtiyatı bankına daxil edilməklə yanaşı, onlar idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min AZN məbləğində özünüinkişaf qrantı əldə edəcək.