Müəllimlərin işə qəbulu müsabiqəsində 11 mindən artıq namizəd imtahan verib


2021-2022-ci tədris ili üzrə müəllimlərin işə  qəbulu müsabiqəsinin test imtahanı mərhələsi davam edir. İyulun 5-dən  start  götürən  prosesdə  artıq  12  minə  yaxın  namizəd  imtahan  verib.  Bu  gün  fiziki tərbiyə  və  texnologiya  fənləri  üzrə  imtahanlar  keçirilir.

 

19 iş günü müddətində keçirilməsi planlaşdırılan imtahanlara artıq fizika, informatika, ibtidai sinif, riyaziyyat, kimya, təsviri incəsənət müəllimliyi üzrə 11 mindən çox namizəd qatılıb. Fizika üzrə imtahanlarda ən yüksək 59, informatika fənni üzrə 58, riyaziyyat üzrə 56, kimya üzrə isə 59 bal qeydə alınıb. İbtidai sinif üzrə müəllimliyə namizədlər imtahanlarda xüsusi fəallıq nümayiş etdiriblər. Belə ki, 10 namizəd ən yüksək - 60 bal toplayıb.

 

“Hazırlıqlıydım, ona görə də mənə çətin gəlmədi”

 

Builki imtahanlarda ilk ən yüksək balı fizika fənni üzrə imtahan verən Arzu Quliyeva toplayıb. O, müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanları mərhələsinin start götürdüyü ilk gün - iyulun 5-də  fizika üzrə müəllimliyə namizədlər arasında 59 bal toplayaraq ən yüksək nəticəni göstərib. Cəbrayil rayonu Hovuslu kənd tam orta məktəbinin müəllimidir. 1988-ci il təvəllüdlü namizəd məktəbi Sumqayıt şəhərində bitirib. BDU-nun fizika fakültəsindən məzun olduqdan sonra müəllimliyə başlayıb. Bu müsabiqəyə iş yerini dəyişmək məqsədilə qatılıb. Müsabiqəyə ilk dəfə qatılan namizədin məqsədi imtahanlarda yüksək nəticə göstərərək Bakı məktəblərindən birində dərs demək hüququ qazanmaqdır:  “Hazırlıqlıydım, ona görə də mənə çətin gəlmədi. Fizika fənni həll tələb edir. Mən də diqqətli olmağa çalışdım, tələsmədim və istəyimə nail oldum”.

 

Namizəd məktəb seçmək üçün də tələsmir. Əsas hədəfi məktəbin yaxınlığıdır: “Çıxarılan vakansiyalara baxacağam. Yaşayış yerimə ən yaxın olan məktəbi seçəcəyəm”.

 

 

“Şagirdlərlə işləməyi çox sevirəm”

 

Builki imtahanların qəhrəmanlarından biri Sumqayıt şəhərindəki İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin müəllimi Gülnarə Hacıyeva artıq 5 ildir müəllimdir: “Azərbaycan Müəllimlər İnstitutunun 2007-ci il məzunuyam. İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsində təhsil almışam. Məzun olandan sonra Sahil qəsəbəsi 273 nömrəli məktəbdə laborant vəzifəsində çalışırdım. 2016-cı ildə MİQ-də 55 bal toplayaraq Qobustan şəhər 195 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi işə başladım. 1 il müəllim işlədikdən sonra yerdəyişmə müsabiqəsinə qatıldım. 2017-ci ildən Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbdə müəlliməm. IV siniflərə dərs deyirəm”.

 

Gülnarə Hacıyeva bu dəfə də imtahanlara özünü yoxlamaq məqsədilə qatıldığını deyir. Belə ki, bu imtahan onun üçün sertifikasiyaya hazırlıq xarakteri daşıyıb: “Sertifikasiya öncəsi özümü yoxlamaq istədim. Kurikulumla bağlı  materiallar çox oxuyuram. İxtisasartırma təlimlərinə qatılaraq Azərbaycan dili və ədəbiyyat fənni üzrə ixtisasa da yiyələnmişəm. Qabaqcıl müəllim olmaq üçün bundan sonra da təlimlərə qatılmaq, daim inkişaf etmək istəyirəm. Ən böyük hədəfim qabaqcıl müəllim olmaqdır”.   

 

Gülnarə Hacıyeva necə müəllim olmağından da danışıb: “Daim öz üzərimdə işləyirəm. Hər yeniliklə maraqlanıram və dərslərimdə tətbiq etməyə çalışıram. İşlədiyim ötən müddət ərzində də yeniliklərə açıq olmuşam. Həm öyrənirəm, həm də öyrədirəm. Yeni tədris metodlarını  tətbiq edirəm. Təhsil prosesini müəyyən oyunların təşkili əsasında həyata keçirməyə çalışıram. Dərsləri interaktiv şəkildə keçirmək üçün  imkanım daxilində olan hər şey edirəm. Şagirdlərim hər zaman aktiv olub, onlar yalnız dərs prosesində deyil, həm də dərsdənkənar məşğələlərdə iştirak ediblər. Şagirdlərlə səmimi münasibət qurmuşam. Onlarla işləməyi çox sevirəm”.

 

“Müəllimliklə yanaşı, təlimçi də olacağam”

 

Qeyd etdiyimiz kimi, kimya fənni üzrə ən yüksək bal 59 olub. İyulun 14-də keçirilən imtahanda Şəbnəm Həmzəyeva bu göstərici ilə fərqlənib.

 

O, 1990-cı ildə Xəzər rayonunun Şüvəlan qəsəbəsində doğulub. Qəsəbədəki 156 nömrəli tam orta məktəbdən məzun olduqdan sonra əvvəlcə Azərbaycan Dövlət Pedaqoji Universitetini Kimya-biologiya müəllimliyi ixtisası üzrə bakalavr, daha sonra Bakı Dövlət Universitetini üzvi kimya ixtisası üzrə magistratura səviyyəsində bitirib: “Ailə qurdum, bununla əlaqədar çalışa bilmədim. İlk dəfə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 2018-ci ildə, heç hazırlaşmadan qatıldım. Ancaq artıq qərarlıyam, müəllim kimi fəaliyyətə başlayacağam”.

 

Harda işləmək istədiyinə gəlincə, o, iş yerinin yaşadığı Şüvəlan qəsəbəsində olmağını istəyir: “Təbii ki, istəyim odur ki, yaşadığım yerdə olsun. Amma Şüvəlandan vakansiya olmasa, ətraf kəndlərdə də işləməyə hazıram”.

 

Gənc namizəd deyir ki, builki vakansiya seçimində iştirak etməkdə və növbəti tədris ilindən müəllimliyə başlamaqda qərarlıdır: “Artıq vətənə faydalı olmaq istəyirəm. 2020-ci il vətənpərvərlik hisslərimizin ən yüksək həddə çatdığı il oldu. Bu hissləri güclü olan biri kimi artıq mən də müəllimlik vəzifəsinin öhdəsindən layiqincə gələrək millətimə faydalı olmaq niyyətindəyəm”.

 

Şəbnəm Həmzəyeva müəllim kimi auditoriyasının, sadəcə şagirdlərlə məhdudlaşmayacağına əmindir: “Kurikulumu hər kəs oxuyur və uğurla imtahan verənlər kifayət qədərdir. Bilirsiniz ki, kurikulum şagird yönümlüdür və onların mənafelərinə xidmət edir. Mən şagirdlərimə fənnimi kurikulum əsasında mənimsədəcəyəm. Tətbiq etdiyim, uğur qazandığım təcrübəmi başqaları ilə də bölüşəcəyəm.  Müəllimliklə yanaşı, təlimçi də olacağam. Yalnız şagirdlərimə yox, həm də müəllimlərlə kimyanın tədrisində vacib yenilikləri paylaşacağam”.

 

Apellyasiya müraciətlərinə baxılır

 

İyulun 6-dan müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi ilə bağlı apellyasiya müraciətlərini araşdıran komissiya işə başlayıb. İmtahanda iştirak edənlər şəxsi səhifələrində növbəti gün saat 14:00-da aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər. Apellyasiya müraciəti komissiya  tərəfindən  araşdırıldıqdan  sonra  müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

 

İmtahanlara ictimai nəzarət təmin edilir

 

Müəllimlərin işə qəbulu üzrə müsabiqəni təhsil ictimaiyyəti maraqla izləyr. Xüsusən, test imtahanları mərhələsinə xüsusi diqqətin olduğunu nəzərə alaraq imtahanların gedişatını izləmək imkanı yaradılır. Bu məqsədlə imtahanların keçirildiyi Azərbaycan Texniki Universitetinin idman zalına mediatur təşkil edilib. KİV nümayəndələrinin iştirakı ilə baş tutan mediatur zamanı imtahanın gedişatı yaxından izlənilib, bu proseslə bağlı fikir mübadiləsi aparılıb.

 

Daha 40 mindən çox şəxs imtahan verəcək

 

Beləliklə, iyulun 5-dən etibarən start verilən müəllimlərin işə qəbulu imtahanları avqustun 2-dək davam edəcək. Hələ  40 mindən çox şəxs imtahan verəcəyi günü gözləyir.

 

Xatırladaq ki, iyunun 4-11-də müsabiqənin elektron ərizələrin qəbulu mərhələsi keçirilib. Bu mərhələdə müsabiqədə iştirak etmək üçün 62242 namizəd qeydiyyatdan keçib. Ərizələr emal edildikdən sonra 59171 namizədin ərizəsi qəbul olunub və onlar növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. Müsabiqənin test imtahanı mərhələsində 59153 nəfərin iştirak edəcəyi gözlənilir.

 

Ruhiyyə DAŞSALAHLI