Bakı Dövlət Universiteti (BDU) və ABŞ-ın Linkoln Universiteti (Lincoln University) arasında BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi və Linkoln Universitetinin Biznes inzibatçılığı sahəsində magistratura (MBA) proqramı bazasında Biznesin təşkili və idarə edilməsi, maliyyə ixtisaslaşması üzrə magistratura səviyyəsində ikili diplom proqramına dair əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Qeyd edək ki, Linkoln Universitetində biznes administrasiyası sahəsində yüksək səviyyədə bakalavr (BBA), magistr (MBA) və doktorant hazırlığı həyata keçirilir.  Sözügedən universitetin Biznesin təşkili və idarə edilməsi (maliyyə üzrə) proqramı ABŞ-da Biznes Təhsili üzrə Beynəlxalq Akkreditasiya Şurası (IACBE) tərəfindən xüsusi akkreditasiyadan keçib.

 

Onlayn imzalanma mərasimində BDU-nun rektoru Elçin Babayev, rektorun strateji inkişaf və əlaqələr üzrə müşaviri Əli Nağıyev və Linkoln Universitetinin prezidenti Mixail Brodski iştirak ediblər.

 

E.Babayev Linkoln Universiteti ilə birgə kadr hazırlığının, universitetlərarası ikili diplom proqramının əhəmiyyətindən bəhs edib və gələcək əməkdaşlığın məhsuldar, faydalı olması üçün bütün zəruri addımların atılacağını bildirib.

 

M.Brodski də müqavilənin gələcək əməkdaşlığın inkişafına töhfə verəcəyini bildirib və onu birgə əməkdaşlıq istiqamətində görülən işlərin bəhrəsi kimi qiymətləndirib.