Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına qəbul olmuş bakalavrların qeydiyyat müddəti 26 iyul saat 23:59-dək uzadılıb.

 

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

 

Xatırladılıb ki, ali təhsilin magistratura səviyyəsinə qəbul olmuş şəxslərin qeydiyyatı portal.edu.az platformasında Təhsil Nazirliyi tərəfindən aparılır.

 

Ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olmuş şəxslər iyulun 13-dən etibarən elektron qaydada qeydiyyatdan keçirlər.

 

21 iyul səhər saatlarına olan məlumata əsasən 8941 (83%) bakalavr müraciətini sistemə daxil edib. Ali təhsil müəssisələri tərəfindən hələlik 6574 (61%) bakalavrın müraciəti qəbul olunub. Hazırda proses davam edir.

 

Bakalavrlar https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməli, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

 

DİM-dən bildirilib ki, qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcək.