Azərbaycanın tanınmış media qurumlarının rəhbərləri ilə Bakı Ali Neft Məktəbində (BANM) mediatur keçirilib. Tanınmış jurnalistlər Rəşad Məcid, Vüsalə Mahirqızı, Elxan Şükürlü, Aynur Camalqızı, Elnur Məhərrəmli, Vüsal Məmmədov, Elşad Eyvazlı və Əfsələddin Ağalarov təhsil ocağında  yaradılan şəraitlə tanış olublar.

 

Ali Məktəbin rektoru Elmar Qasımov  tədris kampusunu ziyarət edən media kapitanlarına tədris və tədqiqat mühiti ilə bağı ətraflı məlumat verib. Media nümayəndələri tədris otaqları, tədqiqat laboratoriyaları, idman kompleksi ilə yaxından tanış olublar.

 

Ali Məktəbin tələbələri və məzunlarının uğurları barədə məlumat verən  rektor  qeyd edib ki, BANM qəbul göstəriciləri, prezident təqaüdçülərinin sayı ilə liderliyini qoruyur:” BANM-in builki  məzunları dünyanın 16 ölkəsinin 50 universitetində magistratura və doktorantura pilləsində ali təhsillərini davam etdirəcəklər. Eyni zamanda məzunlarımızdan 7 - si ABŞ, 6 - sı isə DAAD proqramı üzrə Almaniyanın tanınmış ali məktəblərində təhsil alacaqlar”.

 

Ali Məktəbdə yaradılan yüksək səviyyəli, müasir standartlara cavab verən şəraiti təqdir edən jurnalistlər bu ali təhsil ocağının nümunə olduğunu bildiriblər.