Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin tərəfdaşlığı ilə "WorldSkills Azerbaijan" platforması tərəfindən ölkəmizi kiber təhlükəsizlik istiqaməti üzrə WorldSkills Asia-2021 bacarıq yarışlarında təmsil edəcək şəxslərin seçim turu keçirilib.

 

Xüsusi karantin rejiminin tələblərinə uyğun keçirilən yarışa onlayn qaydada qeydiyyatdan keçmiş 30 iştirakçı qatılıb. Ümumilikdə, iki hissədən ibarət olan seçim mərhələsi 4 saat davam edib və namizədlər 3 istiqamət üzrə tapşırıqları həll ediblər.

 

Qeyd edək ki, seçim mərhələsində ən yaxşı nəticə göstərən şəxs 28-31 iyul tarixlərində "WorldSkills Asia" tərəfindən təşkil ediləcək kiber təhlükəsizlik yarışında Azərbaycanı təmsil etmək hüququ əldə edəcək. Onlayn formatda təşkil ediləcək yarışlara 26 müxtəlif ölkə təmsilçisinin qatılması nəzərdə tutulur.