Azərbaycan Dillər Universitetində (ADU) Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub.

 

Açılış mərasimində Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysər, Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee, Azərbaycan Milli Məclisinin deputatları və digər qonaqlar iştirak ediblər.

 

ADU-nun rektoru, akademik Kamal Abdulla  ali məktəbdə böyük mədəniyyətə, zəngin elmi irsə malik olan Pakistanın mədəniyyət mərkəzinin açılmasını əlamətdar hadisə adlandırıb. Pakistanın Azərbaycanda ilk mədəni məkanı olan mərkəzin açılmasının pakistanlı və azərbaycanlı gənclər, eyni zamanda, hər iki ölkənin alimləri üçün çox səmərəli fəaliyyətin başlanğıcı olacağını qeyd edib:“Biz istəyirik ki, bu mərkəzdə azərbaycanlı gənclər Pakistan xalqını daha yaxşı tanısın; Pakistanın böyük elm və ədəbiyyat xadimlərinin əsərləri auditoriyalarda məhəbbətlə səslənsin. İstəyirik ki, Azərbaycan Mədəniyyət Mərkəzi də Pakistanda qurulsun. Artıq bu işə sizin tövsiyənizlə başlamışıq. İnanıram ki, siz də, sizin həmkarlarınız da bu xeyirxah işdə bizi dəstəkləyəcəksiniz.  Bir daha Azərbaycan Dillər Universitetinə xoş gəlmisiniz. Sizi əmin edirəm ki, növbəti səfərinizdə bu mərkəz vasitəsi ilə urdu dilində danışan tələbələrlə görüşəcəksiniz”.

 

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee bildirib ki, Pakistan Mədəniyyət Mərkəzinin açılışı iki xalqın elm, təhsil və mədəni əlaqələrinin inkişafına böyük töhfə verəcək: “İnanıram ki, bu mərkəz vasitəsi ilə Pakistanın tarixi, dili, mədəniyyəti, adət-ənənələri ən gözəl şəkildə öyrəniləcək. İstərdik, gələcəkdə bu mərkəz o qədər inkişaf etsin ki, fakültə kimi fəaliyyətə başlasın və tələbələr ölkəmiz haqqında daha yaxşı məlumat əldə etsinlər”.

 

Səfir vurğulayıb ki, Pakistan gəncləri Azərbaycan gəncləri kimi Qarabağı öz ürəklərində hiss edirlər: “Biz sevinirik ki, Qarabağ işğaldan azad edilib. Arzu edirəm ki, Azərbaycan gəncləri də Kəşmiri öz ürəklərində hiss etsinlər və tezliklə Kəşmirin azadlığını Azərbaycanla birlikdə qeyd edək”.

 

Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər mərkəzin açılışına, Pakistan tarixinə və mədəniyyətinə olan diqqətə görə təşəkkürünü bildirib: “Pakistanda açılacaq Azərbaycan Mədəniyyət Mərkəzi üçün hər cür köməklik, dəstək göstərməyə hazırıq. Təhsil sahəsində əməkdaşlıq çox vacibdir. Biz gələcəkdə iki ölkə arasında tələbə mübadiləsi, elmi əməkdaşlıq sahəsində addımlar atacağıq. Eyni zamanda qarşılıqlı şəkildə diplomların tanınması məsələsi də gələcəkdə görüləcək işlərdəndir”.

 

Daha sonra tədbirdə Pakistan haqqında qısa film nümayiş olunub.