Prezident İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın tətbiqindən sonra ölkəmizdə ipəkçiliyin kompleks inkişafı istiqamətində aparılan işlər daha da gücləndirilib.

 

Elə həmin il Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şəki Regional Elmi Mərkəzi (REM), eləcə də Qara dəniz, Xəzər dənizi və Mərkəzi Asiya İpək Assosasiyasının birgə təşkilatçılığı ilə Şəki şəhərində dünyanın 20-yə yaxın ölkəsinin ipəkçi alimlərinin iştirakı ilə beynəlxalq konfrans keçirilib.

 

2016-cı ildən başlayaraq AMEA Şəki REM-in təcrübə sahəsində dövlət dəstəyi ilə Çindən gətirilmiş tut ağacı sortundan xüsusi sahə hazırlanaraq hər il beş min ting əkilib. Hazırda təcrübə sahəsində 25 min ədəd Çindən gətirilmiş və 2000 ədəd yerli tut ağacı sortları yetişdirilərək istifadəyə verilib.

 

Son dörd il ərzində həmin təcrübə sahəsində işçilər üçün otaq və dəmir konstruksiyalı, müasir tələblərə cavab verən 165 kv/m sahəyə malik kümxana tikilərək istifadəyə verilib.

 

Artıq iki ildir ki, mərkəzdə barama istehsalı ilə məşğul olunur. Bu il KASKAD Elmi İstehsalat və Xidmət MMC ilə birgə 700 kq barama istehsal edilib.

 

Yeni tut ağacı bağlarının tam məhsuldar yaşa çatması ilə barama istehsalının da ildən-ilə artacağı proqnozlaşdırılır.

 

Bu barədə AMEA-dan bildirilib.