Azərbaycan Dövlət Aqrar Universitetində “Aqrar İnkişaf Könüllüləri” təşkilatının üzvü olan respublikanın və Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisələrinin tələbələri üçün “Sabahın kənd təsərrüfatı” yay məktəbinin bağlanış tədbiri keçirilib.


Universitetin rektoru, professor İbrahim Cəfərov yay məktəbini uğurla başa vuranları təbrik edib, iştirakçıların Qəbələ rayonuna səfəri zamanı göstərdiyi dəstəyə görə USAID, Özəl Sektorun İnkişafı layihəsinə və təşkilati işlərdə dəstəyinə görə “EMA” şirkətinə öz təşəkkürünü bildirib.
 

İştirakçılar zəngin proqramı olan, müxtəlif fəaliyyətləri, respublikanın ayrı-ayrı bölgələrinə səfərləri özündə əks etdirən yay məktəbini çox yüksək qiymətləndirib, yaradılan şəraitə, o cümlədən universitetin ən müasir standartlara cavab verən “Tələbə Evi”ndə yaşayış yeri ilə təminata görə rektora minnətdarlıqlarını ifadə ediblər.
 

Sonra məktəbin iştirakçılarına sertifikatlar təqdim olunub.
 

Qeyd edək ki, yay məktəbində 19 ali təhsil müəssisəsindən 40-a yaxın tələbə iştirak edib. İştirakçılar Gəncə şəhərində Nizami Məqbərəsi və “Nizami Gəncəvi” Muzeyi, Heydər Əliyev Park-Kompleksi, “Zəfər Tağı”, “İmamzadə” dini kompleksi, Xan bağı, “Avropa 2016-Gənclər Paytaxtı” Parkı, Gəncənin Bayraq Meydanı, “Gəncəçay” park-bulvar kompleksi, Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi, “Xəmsə” Parkı, Göygöl Milli Parkı, Mingəçevir şəhəri və Qəbələ rayonunun görməli yerlərinə, aparıcı kənd təsərrüfatı müəssisələrinə səfərlər ediblər.