Növbəti mərhələdə 11 fənn üzrə 16 mindən artıq namizəd 8 minə yaxın yer üçün rəqabət aparır


2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları mərhələsi başa çatıb. İyulun 5-dən etibarən start götürən test imtahanları mərhələsinə 59153 namizəd dəvət olunub.  Dəvət olunanların 80 faizi imtahanlarda iştirak edib. Proses  Bakı şəhəri ilə yanaşı, 11 müxtəlif şəhərdə, ümumilikdə 12 müxtəlif imtahan mərkəzində keçirilib. 21 gün ərzində bütün fənlər üzrə imtahanlar yekunlaşıb. İki fənn - Azərbaycan dili və ədəbiyyat və ibtidai sinif müəllimliyi üzrə ümumilikdə 5000-ə yaxın namizəd təkrar imtahan verib. Hazırda müsabiqədə növbəti mərhələyə - vakansiya seçimi mərhələsinə start verilib.

 

Təkrar imtahanlara mediatur

 

İmtahanların avqustun 4-nə təsadüf edən 21-ci, yəni sonuncu günü  test imtahanlarının keçirildiyi Azərbaycan Texniki Universitetinin idman zalına mediatur təşkil edilib. Təhsil Nazirliyinin şöbə müdiri Eşqi Bağırov, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər  Cəfərov, tanınmış ictimaiyyət və KİV  nümayəndələrinin iştirakı ilə baş tutan mediatur zamanı ibtidai sinif müəllimliyi üzrə təşkil edilmiş təkrar imtahanın gedişatı yaxından izlənilib.

 

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli jurnalistlərə bildirib ki, namizədlərin təkrar imtahanlarla bağlı istəkləri yerinə yetirilib: “Onlar qatıldıqları imtahanlarda test tapşırıqlarının daha çətin olduğunu əsaslandırırdılar. Təhsil naziri bu istəyə özünün feysbuk səhifəsində müsbət reaksiya verdi və rəhbərliyin tapşırığına müvafiq olaraq yenidən imtahan üçün proqram təminatına müvafiq düzəlişlər edildi”.

 

Onun sözlərinə görə, ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat fənni üzrə təkrar imtahanlar üçün qeydiyyat 28-30 iyul tarixlərində həyata keçirilib və imtahanlarda yenidən iştirak üçün 4091 nəfər müraciət edib. Avqusrun 3-də Azərbaycan dili və ədəbiyyat, 4-də isə ibtidai sinif müəllimliyi üzrə təkrar imtahanlar keçirilib. Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə təkrar imtahanlarda 3 mindən artıq, ibtidai sinif müəllimliyi üzrə təkrar imtahanda isə 1000-dən artıq namizəd iştirak edib.

 

Vakansiya seçimi davam edir

 

Artıq imtahanlar başa çatıb. Hazırda vakansiya seçimi davam edir. 8 minə yaxın vakant yerin çıxarıldığı bu mərhələdə imtahanları və apellyasiyası yekunlaşan namizədlər iştirak edir. Azərbaycan dili, alman dili, fizika, fiziki tərbiyə, fransız dili, kimya, informatika, riyaziyyat, rus dili və ədəbiyyatı, texnologiya və təsviri incəsənət fənləri üzrə test imtahanlarında iştirak edərək 30-dan artıq bal toplayan 16 mindən çox namizəd var. Bu hüququ qazanan ümumilikdə 11 fənn üzrə bütün namizədlər hazırda yer seçir. Qalan 8 fənn üzrə namizədlər də tezliklə apellyasiya mərhələsini başa çatdırıb vakansiya mərhələsinə qatıla biləcəklər.

 

Səhv sual - bal üstünə bal əlavə olunub

 

Namizədlər imtahan verdiyi günün səhərisindən başlayaraq 2 gün ərzində apellyasiya şikayəti verə bilər. Bu il apellyasiya komissiyasına daxil olan müraciətlərin çoxu test imtahanında qoyulan suallar və verilən vaxtla bağlıdır. Həmin müraciətlər araşdırılıb və haqlı olanların nəticələrinə namizədlərin xeyrinə dəyişiklik edilib. Belə ki, səhv sual aşkarlanan seansda iştirak edən bütün namizədlərin balına bal əlavə olunub.

 

Xatırladaq ki, keçid balı 30 bal müəyyənləşdirilib. Vakansiya seçimi prosesi avqustun 6-sı saat 10:59-dək davam edəcək.

 

Ruhiyyə DAŞSALAHLI