Peşə Təhsili üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası birgə peşə təhsil müəssisələrində aşpaz və turizm sahəsində iaşə üzrə mütəxəssis ixtisasları üzrə təhsil alacaq tələbələrin Turizm Sahəsində Dual Təhsil Proqramına start verib.

       

Proqramın məqsədi sənaye nümayəndələri ilə birlikdə təcrübə əsaslı biliklərin tələbələrə ötürülməsinə imkan yaratmaqdır.

       

Proqram müddətində tələbələr ilk 1 ayı təhsil müəssisəsində keçirəcək və ilkin baza biliklərə sahiblənəcəklər. İkinci aydan etibarən seçilmiş tələbələr həftə ərzində bir neçə gün peşə təhsil müəssisəsində - teorik biliklərə, həftənin digər qismində isə otellərdə onlara təyin olunmuş mentorlar vasitəsilə praktiki bacarıqlara yiyələnəcəklər.

       

İlkin olaraq proqramın Bakı və Qəbələ şəhərlərində yerləşən peşə təhsil müəssisələrində, ümumilikdə 4 qrup olmaqla tətbiqi nəzərdə tutulub. 1 illik tədris müddətinin sonunda tələbələr diplom da əldə edəcəklər. Proqram Bakıda Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində və Bakı Turizm Peşə Məktəbində aşpaz ixtisası üzrə, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində isə aşpazlıq və turizm sahəsində iaşə mütəxəssisi ixtisasları üzrə həyata keçiriləcək.

       

Dual təhsil proqramına tələbə qəbulu dövlət-özəl sektorun nümayəndələri tərəfindən müsahibə yolu ilə olacaq. Layihə çərçivəsində Abşeron Hotellər Qrupu, Hilton Hotel, JW Marriott Absheron Baku, Qəbələ Otellər Qrupu tərəfdaş qismində çıxış edirlər. Proqram çərçivəsində gələcəkdə digər otellərlə əməkdaşlıq məsələləri də nəzərdən keçiriləcək.