Azərbaycan Dövlət Aqrar Universitetində “Aqrar sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində iqtisadiyyat və yerquruluşu istiqamətləri üzrə ödənişsiz təkmilləşdirmə kursları başlayıb.

 

Universitetin rektoru, professor, İbrahim Cəfərov bildirib ki, kurslarda iştirak edən dinləyicilər ali məktəbin keçmiş məzunları, müxtəlif özəl və dövlət müəssisələrində çalışan mütəxəssislərdir. Diqqətə çatdırılıb ki, layihənin məqsədi iqtisadiyyat və yerquruluşu istiqamətləri üzrə fəaliyyət göstərən mütəxəssislərin praktik bilik və bacarıqlarının artırılmasıdır.


Proqram çərçivəsində iştirakçılar Yerquruluşunun layihələndirilməsi tədris laboratoriyasında həm praktiki, həm də bazar torpaq münasibətləri, yüksəklik qurşağı və suvarma əkinçiliyi şəraitində torpaq ehtiyatlarından səmərəli istifadənin, onların mühafizəsinin təşkili, aqrar sahənin iqtisadiyyatı və s. kimi mövzularda nəzəri biliklərini təkmilləşdirəcəklər.
 

Qeyd edək ki, təkmilləşdirmə kursları ödənişsizdir. Layihə iştirakçıları universitetin tələbə evində ödənişsiz yaşayış yeri ilə təmin olunub. Həmçinin kursları müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim ediləcək.