Avqustun 18-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsini izləmək üçün Azərbaycan Texniki Universitetinin idman zalına mediatur təşkil edilib.

 

Mediatur iştirakçılarına bildirilib ki, avqustun 26-dək davam edəcək müsahibə mərhələsində vakant yer tutmuş 4793 nəfərin iştirakı nəzərdə tutulub.

 

Bildirilib ki, müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq. Müsahibə mərhələsində uğur qazanmış namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.

 

Qeyd edilib ki, prosesə 23 komissiya cəlb olunub.

 

Mediatur iştirakçılarının diqqətinə çatdırılıb ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün ümumilikdə 62 242 namizəd müraciət edib. Onlardan 59 153 nəfəri müsabiqənin test imtahanı mərhələsində iştirak etmək hüququ əldə ediblər. Ümumilikdə 21 iş gününü əhatə edən və ölkə üzrə 12 imtahan mərkəzində həyata keçirilən imtahanlarda 46 930 namizəd iştirak edib.

 

Mediatur zamanı jurnalistləri maraqlandıran digər suallar cavablandırılıb.