Bakı Ali Neft Məktəbinin rektoru (BANM) Elmar Qasımov Dövlət İmtahan Mərkəzinin I-ci ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanlarında 697,1 balla ən yüksək nəticə göstərən və BANM-i seçən Əbil Şəfiyevi, onun ailə üzvlərini qəbul edib.

 

Ə.Şəfiyevin valideynləri və təhsil aldığı Sumqayıt şəhər 11 saylı tam orta məktəbin direktor və müəllim heyətinə təşəkkürünü ifadə edən E.Qasımov bildirib ki, Sumqayıt şəhər məktəbləri yüksək keyfiyyətli təhsili ilə fərqlənir və hər il qəbul imtahanlarında yüksək nəticələr göstərir. Rektor Ə.Şəfiyevə BANM-in döş nişanını hədiyyə edib.

 

Qeyd edək ki, Ə.Şəfiyev 2004-cü il, mart ayının 29-da Sumqayıt şəhərində anadan olub. Ailəsi 1993-cü ildə Qubadlı rayonunun Xanlıq kəndindən məcburi köçkün kimi Sumqayıt şəhərində mehmanxanalardan birində məskunlaşıb. Ə. Şəfiyev Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbdə 1-ci sinfə gedib və həmin məktəbdən əla qiymətlərlə məzun olub.