Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə bütün ixtisas qrupları üzrə keçirilən qəbul imtahanları başa çatıb və nəticələr elan olunub. Növbəti mərhələ ixtisas seçimidir.

 

DİM-dən bildirilib ki,  ixtisas seçimi bütün ix­ti­sas qrupları üzrə avqustun 20-dən 30-dək in­ter­­net vasitəsilə aparılacaq.

 

Qurum “Abituriyent” jurnalının 4-cü nömrəsini çap edib və jurnalın bu nömrəsində 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilib. Bu nömrədə, həmçinin M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına tələbə qəbulu elanı və digər zəruri materiallar da təqdim olunub.

 

Qeyd edək ki, jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

  • Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;
  • Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.