Müsabiqəyə tələbə və peşəkar kateqoriyalarda film qəbulu davam edir


Türk dünyası Jurnalistlər Federasiyasının təşkilatçılığı ilə VI “Türk Dünyası Sənədli Film Festivalı” keçirilir. Qala və mükafatlandırma mərasimlərinin İstanbulda keçiriləcəyi festivalın qalib filmləri 9 ölkədə nümayiş etdiriləcək. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən bildirilib ki, festivala film qəbulu davam edir.

 

Festivalın təşkilat komitəsinin rəhbəri Menderes Dəmirin başçılığı ilə idarə heyətinin növbəti iclası keçirilib. İclasda Erkan Baysal (TRT), Şəhrəbanu Allahverdiyeva (Adıyaman Universiteti), Memduh Yağmur (Niğde Ömər Halisdəmir Universiteti), Batuhan Kalaycı (Yozgat Bozok Universiteti), Timur Yılmaz (Amasya Universiteti), Yusif Quliyev (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti), Asiya Baygojina (Qazaxıstan Jurganov Milli Sənət Akademiyası), İkbol Melikuziyev (Özbəkistan Dövlət Sənət, Mədəniyyət İnstitutu), Stanbulbek Mambetaliyev (Qırğızıstan Türkiyə Manas Universiteti), Şimali Kipr Türk Cümhuriyyəti Yaxın Şərq Universitetinin təmsilçisi Sərkan Fundalar, rejissor Əlixan Ərbaş və festivalın xaricdəki direktoru Bayram Bayrammuhammedov iştirak ediblər.

 

İclasda müsabiqəyə bu vaxta qədər müraciət etmiş 145 film və festivala qatılan ölkələr dəyərləndirilib. Həmçinin, filmlərin artırılması üçün universitetlərlə əlaqələrin gücləndirilməsi,  festivalın qala və mükafatlandırılma tədbirlərində rejissorların görüşü, film atelyeləri və rejissorlarla sənət söhbətlərinin aparılması qərara alınıb. Bu qərarların həyata keçirilməsi üçün Festival Film Komitəsi yaradılıb. Festivala müraciətlər 30 avqust 2021-ci ilə qədər qəbul ediləcək. Mövzu ilə bağlı geniş bilgi www.turkbrlgesel.com ünvanından alına bilər.

 

20 sentyabr 2021-ci ildə Ön seçici heyət tərəfindən tələbə və peşəkar 12 film seçiləcək. Finala qalan filmlər 2-3 oktyabr tarixlərində münsiflərin dəyərləndirməsi nəticəsində tələbə və peşəkar kateqoriyaları olmaqla, 3 yerdə mükafatlandırılacaq. Bu tarixlərdə xüsusi mükafatlar alan filmlər də seçiləcək.