Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev qəbul imtahanlarında 500 və 600 baldan yüksək nəticə göstərən abituriyentlər və onların valideynləri ilə görüşüb.

 

Rektor bildirib ki, regionun yeganə texniki universiteti olan AzTU tələbələrə təhsil və elmi-tədqiqatlarla bağlı geniş imkanlar açır. AzTU-nun son dövrlərdə Türkiyə və Ukrayna ali təhsil müəssisələri ilə imzaladığı ikili diplom haqqında müqavilələrə diqqət çəkən rektor, burada ingilis dilinin də OSTİM Texniki Universitetinin proqramı əsasında tədris olunduğunu deyib.

 

Daha sonra AzTU-nun prorektoru, süni intellekt üzrə dünya şöhrətli alim Çətin Elmas çıxış edib. Bildirib ki, Türkiyə universitetləri ilə əməkdaşlıq çərçivəsində AzTU-da görülən işlər yaxın zamanlarda öz nəticəsini göstərəcək.

 

AzTU-nun tələbə-rektoru Əli Abdullazadə universitetdə tələbələrlə işin təşkili barədə ətraflı məlumat verib.

 

Tədbirdə çıxış edən Hədəf Şirkətlər qrupunun qurucusu, baş direktor, dosent Şəmil Sadiq yüksək bal toplayan abituriyentlərin “Hədəf kursları”nda hazırlaşdığını bildirib, AzTU-da tələbələrə yaradılan imkanları abituriyentlərin diqqətinə çatdırıb.

 

Tədbirdə AzTU-nun tanıtım videoçarxı nümayiş olunub. Daha sonra abituriyentlər universitetin tədris korpusu ilə tanış olub.