Bakı Dövlət Universiteti (BDU) və Pakistanın ən böyük ali məktəblərindən biri olan Lahore Universiteti arasında tələbə və müəllim mübadiləsi, tədris prosesinin təşkili və elmi araşdırmalar sahəsində əməkdaşlıq, ikili diplom proqramına dair müzakirələr aparılıb və Anlaşma memorandumunun imzalanma mərasimi keçirilib.

 

Universitetdən bildirilib ki, memorandumun məqsədi tərəflər arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı yüksək səviyyədə təmin etməkdir.

 

Onlayn keçirilən tədbirdə BDU-nun rektoru Elçin Babayev, Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov, Pakistanın Azərbaycandakı səfiri Bilal Haye, Lahore Universitetinin İdarə Heyətinin sədri Üveys Rauf, Lahor Universitetinin rektoru Məhəmməd Əşrəf və digər məsul şəxslər iştirak ediblər.

 

Rektor Elçin Babayev Vətən Müharibəsində qazanılmış möhtəşəm qələbədən, hazırda aparılan quruculuq və bərpa işlərindən danışıb. O, 44 günlük müharibə zamanı Pakistanın Azərbaycanın yanında olduğunu xüsusi vurğulayıb. Rektor hər iki ölkə arasında tarixə söykənən güclü ikitərəfli münasibətlərin, mədəni-humanitar sahədə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib; İmzalanacaq memorandum ilə iki qurum arasında elm, təhsil və sosial sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafına inandığını ifadə edib.

 

Lahore Universitetinin İdarə Heyətinin sədri Üveys Rauf  bu əməkdaşlığın elm və təhsil sahəsində əlaqələrə mühüm töhfə verəcəyinə əminliyini söyləyib.  Universitetlər arasında qurulan əməkdaşlığın inkişafı üçün hər iki tərəfdə güclü potensialın mövcudluğunu bildirən Ü.Rauf müəllimlərə və tələbələrə təqaüdlərinin verilməsi, qarşılıqlı maraq kəsb edən sahələrdə birgə ikili diplom proqramlarının, kursların və tədris proqramlarının hazırlanması, tələbə, müəllim və elmi işçi mübadiləsi, birgə və ya əlaqələndirilmiş elmi tədqiqat, texnoloji inkişaf proqramlarının hazırlanması, elmi jurnallarda birgə nəşrlər, birgə tədqiqat layihələrində əməkdaşlıq, onlayn kitabxana və digər informasiya resurs mərkəzlərindən istifadə, müxtəlif mövzularda mühazirələr, seminarlar, simpoziumlar, tematik müzakirələr, konfranslar təşkil etmək və s. istiqamətlərdə gələcək fəaliyyətin gücləndirilməsinə yönəlmiş birgə səylərin zəruriliyini xüsusilə qeyd edib.

 

Lahore Universitetinin rektoru Məhəmməd Əşrəf də hər iki ali məktəb arasındakı əməkdaşlığa xüsusi önəm verdiklərini diqqətə çatdırıb.

 

Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Azərbaycan və Pakistan arasında mövcud qarşılıqlı etimadın elm və təhsil sahəsində, iki universitet arasında əməkdaşlığa münbit şərait yaratdığını vurğulayıb.

 

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Anlaşma memorandumunu təhsil və elm sahəsində ikitərəfli əməkdaşlığa töhfə verəcək əlamətdar hadisə adlandırıb.

 

Qeyd edək ki, Lahore Universiteti Pakistanın ən böyük universitetlərindəndir və ali məktəbin 5 filiali, 40 mindən çox tələbəsi, 11 fakültəsi var.