İxtisas seçiminin vaxtı 7 sentyabr tarixində bitəcək


Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir.

 

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ixtisas seçimi ilə bağlı zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü sayında nəşr olunub.

 

Kolleclərə qəbul olmaq üçün ixtisas seçimində son tarix  7 sentyabr saat 23:59-dur.

 

İxtisas seçimi mərhələsində abituri­yentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını https://eservices.dim.gov.az/erizetex/ixtisas1/?frm=egov1 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

 

2 sentyabr saat 9:30-a olan məlumata əsasən, 15009 (Azərbaycan bölməsi - 14702, rus bölməsi - 307) abituriyent ixtisas seçimi edib.

 

İxtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

 

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. “Xoreoqrafiya sənəti (sahələr üzrə) ” və “Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.