Daşkəsən” dəmir filizi yatağının işlənməsinə dair ictimai müzakirə keçirilib. “Daşkəsən Dəmir Filiz” MMC ilə Daşkəsən rayon İcra hakimiyyətinin birgə təşkil etdiyi müzakirələrdə Azərbaycan Texnologiya Universitetinin (UTECA) əməkdaşları da iştirak edib.

 

UTECA-nı tədbirdə  yüngül sənaye mühəndisliyi və logistika fakultəsinin dekanı, dosent Nazim Vəliyev və Kimya və metallurgiya mühəndisliyi kafedrasının dosenti Arif Əskərov təmsil edib.

 

Sahədə üstaçma, dəmir filizinin çıxarılması, nəqli və anbarlaşdırılması işlərində ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin layihəsinə əsasən, əhatə dairəsinin (iş həcminin) müəyyən edilməsi məqsədilə keçirilən görüşə Gəncə Dövlət Universiteti, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri, bələdiyyə və vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri də qatılıblar.

 

Görüşdə mütəxəssislər tərəfindən yataqların işlənməsinin ilkin mərhələsi, filiz mədənləri və ərazilərində ilkin vəziyyətə dair 2020-ci ilin oktyabr ayından etibarən aparılan ekoloji monitorinqlər barədə məlumat verilib. Qeyd olunub ki, istismarı aparılacaq filiz sahəsi və ətraf ərazilərdə təfsilatlı ekoloji monitorinq, tədqiqat işləri davam etdirilir. İstehsalat prosesi nəticəsində yaranan bütün növ tullantıların qanuna uyğun şəkildə idarə olunması, eləcə də su və enerji ehtiyatlarından səmərəli istifadə edilməsi, eləcə də digər konkret tədbirlər sənəddə öz əksini tapacaq.

 

Görüş iştirakçıları tərəfindən ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun işlənilməsinin və sənəddə öz əksini tapan tədbirlərin icrasının vacibliyi xüsusilə qeyd edilib. Ekspertlər tərəfindən ekoloji monitorinq və ətraf mühitin idarə edilməsi tədbirlərinə dair bir sıra təkliflər səsləndirilib.

 

Müzakirələrin gedişində səsləndirilən təkliflər baxılması və sözügedən sənədə daxil edilməsi üçün protokollaşdırılıb.