Dövlət İmtahan Mərkəzi  ali təhsil müəssisələrinə boş qalan yerlərlə bağlı bəzi statistik məlumatları (I mərhələdən sonra) açıqlayıb.

 

Bildirilib ki, I mərhələdən sonra I ixtisas qrupu üzrə 13.2%, II ixtisas qrupu üzrə 14.59%, III ixtisas qrupu üzrə 1.32%, IV ixtisas qrupu üzrə 9.87%, V ixtisas qrupu üzrə isə 9.54% plan yeri boş qalıb. I və II ixtisas qrupu üzrə boş qalan plan yerlərinin sayının (müvafiq olaraq 2040 və 1971 yer) daha çox olacağı əvvəlcədən məlum idi. Belə ki, müsabiqə şərtlərini (ümumi 200, imtahanının 2-ci mərhələsi üzrə 100 bal) ödəyən və ixtisas seçiminə buraxılanların sayı mövcud plan yerlərinin sayı ilə müqayisədə az idi.

 

Xatırladılıb ki, ən gərgin müsabiqə vəziyyətinin III qrupda formalaşacağı proqnoz edilmişdi. Bu qrup üzrə plan yerləri 98.68% dolub və cəmi 169 yer boş qalıb. IV qrupda da müsabiqə iştirakçılarının sayı plan yerlərindən az idi. Burada boş qalan yerlərin sayı 391, xüsusi qabiliyyət tələb edən V qrupda isə 161 yerdir.

 

Ayrıca ali təhsil müəssisələrinə gəldikdə, bildirilib ki, I mərhələdən sonra tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 4-də plan yerləri 100 %, 15 ali təhsil müəssisəsində 90%-dən, 17 ali təhsil müəssisəsində isə 80%-dən çox dolub.  Ümumiyyətlə, qəbul aparılan ixtisasları xüsusi qabiliyyət tələb edən Bakı Xoreoqrafiya Akademiyası istisna olmaqla, digər ali təhsil müəssisələrinin plan yerləri 75%-dən çox dolub.