Son illərdə Azərbaycan Milli Elmlər Akademiyası elm, istehsal və sahibkarlığın birgə inkişafı yoluna qədəm qoyub. Burada Azərbaycanın yüksək texnologiyalar sahəsində inkişafı və beynəlxalq aləmə inteqrasiyasının sürətləndirilməsi, eləcə də qeyri-neft sektorları üzrə ideya və biliklərin dəstəklənməsi məqsədilə əhəmiyyətli layihələr həyata keçirilir. Bu məqsədlə yaradılmış Akademiyanın Yüksək Texnologiyalar Parkı (YT Park) öz rezidentləri vasitəsilə ölkədə iqtisadiyyatın davamlı inkişafına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya, yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına, yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına öz dəstəyini verir. 

 

Parkdan bildirilib ki, sentyabrın 7-də ilk rezidentlərdən olan “Elm və Texnologiya Parkı” MMC-nin fəaliyyətə başlamasından 5 il ötür.

 

Müəssisənin fəaliyyətinin əsas məqsədi innovativ məhsulların və yüksək texnologiyaların hazırlanması, işlənilməsi, təkmilləşdirilməsi üçün elmi tədqiqatların, təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənayedə, xidmət sahələrində tətbiqindən ibarətdir.

 

5 il ərzində müxtəlif sahələrdə tətbiq olunan pilotsuz uçuş aparatlarının (PUA) geniş çeşidinin hazırlanması və istehsalı ilə məşğul olan müəssisə bugünədək PUA ilə yanaşı, radiodalğalar vasitəsilə məsafədən müxtəlif idarəetmə sistemləri, perimetr mühafizə sistemləri istehsalı, eyni zamanda, PUA vasitəsilə foto və video çəkilişləri, eləcə də əldə olunan məlumatların emalı sahəsində bir çox uğurlu layihələrə imza atıb.

 

“Elm və Texnologiya Parkı” ölkənin hərbi, ekoloji, ərzaq və digər sahələrdə təhlükəsizliyi baxımından çox önəmli sahələrdən olan PUA istehsalı istiqamətində kadr potensialının artırılmasına, yerli mütəxəssislərin yetişdirilməsinə də xüsusi əhəmiyyət verir.

 

Hazırda “Elm və Texnologiya Parkı” nın əsas hədəfləri dronların hərbi, mülki, kənd təsərrüfatı və digər sahələrdə tətbiq sahələrini genişləndirə biləcək digər cihazlarla inteqrasiya imkanlarının araşdırılması, perimetr mühafizə sistemlərinin inkişafı, sərhədlərin, xüsusi mühafizə olunan sahələrin, o cümlədən hava limanlarının mühafizəsində bu sistemlərdən səmərəli istifadənin təşkili,  foto, video çəkilişlər və əldə olunan məlumatların emalı, ortofoto xəritələrin hazırlanması, 3D xəritəçəkmə və “ağıllı ferma təsərrüfatı” üçün yeni həllərin hazırlanmasıdır. Həmçinin Akademiyanın bir neçə institutu ilə birgə onların işləyib hazırladıqları layihələrin pilot versiyalarının sınaqlarının keçirilməsi, istehsala keçid imkanı və reallaşdırılması kimi layihələrin həyata keçirilməsi də prioritetdə nəzərdə tutulan istiqamətlərdəndir.