Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “British Council” təşkilatının Azərbaycana yeni təyin olunmuş rəhbəri Frensis Qardener-Trexo və sabiq rəhbəri Samr Şah ilə görüşüb.

 

Ali məktəb haqqında yeni təyin olunan rəhbərə ətraflı məlumat verən rektor, professor M.Babanlı “British Council” və universitet arasındakı genişmiqyaslı əməkdaşlığa toxunub.

 

“British Council”ın Azərbaycandakı ofisi ilə ADNSU  arasında 2019-cu ildən müəllim və tələbələrin mühəndislik sahəsi üzrə ingilis dili biliklərinin artırılması məqsədilə  həyata keçirilən layihədən danışan rektor birinci mərhələdə 90 müəllim və 200 tələbənin ingilis dili biliklərinin əhəmiyyətli dərəcədə təkmilləşdiyini qeyd edib.  2021-ci ilin may ayından qüvvəyə minən müəllim və tələbələr üçün Aptis testləri ilə ingilis dili biliklərinin qiymətləndirilməsi layihəsindən də söz açan M.Babanlı layihə çərçivəsində 80 müəllimin intensiv kurslarda iştirak etdiyini deyib. O, həmçinin qarşıda duran işlərdən və yeni layihələrdən də danışıb. 2021/2022-ci tədris ilinin yay sessiyasında “British Council” təşkilatının dəstəyi ilə 3000-ə yaxın tələbənin dil imtahanının Aptis testləri əsasında keçirilməsinin  nəzərdə tutulduğunu bildirib.

 

“British Council” təşkilatının Azərbaycana yeni təyin olunmuş rəhbəri F. Qardener-Trexo universitetlə yeni layihələrin həyata keçirilməsinə hər cür dəstək göstərəcəyini qeyd edib.

 

Görüşün sonunda professor M.Babanlı Samr Şaha fəaliyyətdə olduğu müddətdə ikitərəfli təhsil əlaqələrinin inkişafına və əməkdaşlığa göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib, yeni rəhbərlə əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu deyib.