Dövlət Gömrük Komitəsinin Akademiyasının Litvanın Mikolas Romeris Universiteti (MRU) ilə 2020-ci ilin avqust ayında imzalanmış ikitərəfli əməkdaşlıq müqaviləsi çərçivəsində Akademiyanın 5 tələbəsi 2021/2022-ci tədris ilində Litvada qısa müddətli təhsil üzrə dövlət təqaüdü proqramına seçilib.

 

Qeyd edək ki, bu dövlət təqaüdü proqramı Litvanın Təhsil Mübadiləsinə Dəstək Fondu tərəfindən icra olunur və 2021-ci ilin aprel ayında 6 Şərq Tərəfdaşlığı ölkəsi, 51 ASEM (“Asiya-Avropa Görüşü”) ölkəsi,  Litvanın prioritet ixrac bazarları olan ölkələrin (ABŞ, İsrail, Türkiyə, Cənubi Afrika Respublikası, Birləşmiş Ərəb Əmirlikləri) ali təhsil müəssisələrindən olan maksimum 25 tələbə üçün elan edilmişdi.

 

Gömrük Akademiyasında təqaüdə müraciət etmək və MRU-da təhsil almaq istəyən tələbələrin seçilməsi prosesi ilkin qiymətləndirmə və müsahibə vasitəsilə aparılıb. Tələbələrin seçilməsində başlıca meyarlar ingilis dili bilikləri, akademik göstəricilər, Litvada təhsil üçün akademik potensial və xarici mühitdə ünsiyyət bacarıqları olub.

 

Təqaüd qazanmış və MRU-ya qəbul edilmiş 5 tələbədən 3-ü  payız semestrində,  2-si isə yaz semestrində MRU-da 1 semestr ərzində təhsil alacaq.

 

Bu, Akademiya tərəfindən tələbələr üçün təşkil edilən xaricdə ilk təhsil imkanıdır və bu cür proqramlara tələbələrin çıxışının genişləndirilməsi nəzərdə tutulur.