Bakı Dövlət Universiteti (BDU) və Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti (QMTTU) arasında Neft kimyası ixtisaslaşması üzrə magistratura səviyyəsində ikili diplom proqramına dair əməkdaşlıq müqaviləsi imzalanıb.

 

BDU-dan bildirilib ki, ikili diplom proqramının məqsədi neft-qaz kimyası, yanacaqlar, təbii karbohidrogen ehtiyatları əsasında texniki əhəmiyyətli maddələrin alınması sahəsində hərtərəfli biliyi olan, müasir düşüncəyə sahib, problemlərin həllini bilən, eləcə də onları real olaraq tətbiq etmək bacarığına malik mütəxəssislərin hazırlanmasıdır. İkili diplom layihəsində təhsil alanlar neft kimyası, kimya mühəndisliyi elmlərinin fundamental və tətbiqi metodlarından istifadə edərək öz peşə fəaliyyətlərində praktik problemləri təsnif etmək, onları effektiv həll etmək bacarıqları qazanacaqlar.

 

Məlumat üçün qeyd edək ki, QMTTU-da neft kimyası və kimya mühəndisliyi sahəsində yüksək səviyyədə bakalavr, magistr və doktorant hazırlığı həyata keçirilir. Universitet QS dünya universitetləri reytinqində 501-510-cu, QS ECCA reytinqində isə 69-cu pillədə yer alır. Burada 114 tədris və tədqiqat laboratoriyası fəaliyyət göstərir. Qazax Milli Tədqiqat Texniki Universiteti dünyanın 174 aparıcı ali təhsil müəssisəsi və 450 nüfuzlu şirkəti ilə əməkdaşlıq edir.