Bakı Slavyan Universitetində (BSU) 2021-2022-ci tədris ilində ali və orta ixtisas təhsili sistemində işin düzgün təşkili, koordinasiyalı həyata keçirilməsi məqsədilə fakültə dekanları, tədris işləri üzrə dekan müavinləri və akademik məsləhətçilər üçün Monitorinq, qiymətləndirmə və tədrisin keyfiyyətinə nəzarət şöbəsi tərəfindən silsilə təlimlər təşkil edilib.

 

BSU-dan bildirilib ki, hazırkı şərait təhsil prosesində distant təhsil texnologiyalarından istifadə ilə yanaşı, bu prosesdə iştirak edən tərəflərdən, xüsusilə ali təhsil müəssisəsi əməkdaşlarından zəruri bilik, bacarıq və vərdişlər tələb edir. Bu baxımdan əhəmiyyətli ilk təlim avqustun 7-də keçirilib. Təlimdə ali və orta ixtisas təhsili sistemi ilə işləmək üçün Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən tərtib olunmuş “Təlimat kitabı” əməkdaşlara tövsiyə edilib, əlavə olaraq sistemlə iş prinsipinin ardıcıllığı, modullar üzrə əməliyyatların icrası, qiymətlərin əlavə edilməsi əyani şəkildə izahlanıb.