“Horizon Education Agency" növbəti tədbirə hazırlaşır


Son illərdə ölkəmizdə gənclər üçün bir sıra  elmi-intellektual  tədbirlər təşkil edən,  əsasən tələbələri birləşdirən Horizon Təhsil Şirkəti ("Horizon Education Agency")  növbəti tədbirinə hazırlaşır.

 

"Horizon Education Agency" şirkətinin layihə rəhbəri və həmtəsisçisi  Ənvər Məmmədlinin "Azərbaycan müəllimi"  qəzetinə verdiyi məlumata görə,  2021–ci ilin 23 sentyabr tarixində Cənubi Afrika Respublikasında  Azərbaycandakı Horizon Təhsil Şirkətinin, Cənubi Afrika Mədənçilik və Metallurgiya İnstitutu və “NALA” Konsultasiya şirkətinin dəstəyi ilə 3-cü Qlobal Mühəndislik Simpoziumu  (3rd Global Engineering Symposium) keçiriləcək.

 

İlk dəfə Cənubi Afrika Respublikasında keçiriləcək simpoziumda dünyanın müxtəlif ölkələrində yerləşən universitetlərdən dəvət olunmuş professorlar və xarici şirkətlərdə çalışan mühəndislər çıxış edərək öz təcrübələrini tələbə və mühəndislər, iqtisadçılar və maliyyəçilərlə bölüşəcəklər.  Tədbirə Almaniya, Kanada, Estoniya, Polşa, Niderland, Cənubi Afrika  və Azərbaycan  kimi ölkələrdən spikerlər dəvət olunub.   Xarici tələbələr və mühəndislər üçün  tədbirə onlayn qoşulmaq imkanı da mövcuddur.
Qeyd edək ki, “Horizon Education Agency”  və Almaniyanın  Freiberg Universitetinin dəstəyi ilə Azərbaycanda  ilk dəfə 2019 və 2020-ci illərdə Qlobal Mühəndislik Simpoziumları  ( “1st və 2nd Global Engineering Symposium” ) keçirilib. Tədbir 5 paneldən ibarət olub və hər paneldə 3 spiker çıxış edib. (Tədbirin foto və video görüntüləri ilə www.hea-eu.comwww.ges-event.com saytından və eyni zamanda youtube kanalında  https://www.youtube.com/channel/UCphfxI78VMEICKm_bI0kYqQ tanış olmaq mümkündür).  

 

Ötən illərdə Bakının  ev sahibliyi etdiyi tədbirlərdə dünyanın 5 qitəsindən - Şimali və Cənubi Amerika, Afrika, Avropa və Asiyadan gələn professorlar və mühəndislər iştirak ediblər.  Bu tədbirlərə, təqribən 450-yə yaxın tələbə qatılıb.  İştirakçılar təqdimatçıların təcrübələri ilə tanış olmaqla bərabər, onlarla birbaşa əlaqə yarada biliblər. Bundan əlavə, sponsorluq qismində müxtəlif mühəndislik sahəsində olan şirkətlərin nümayəndələri ilə birbaşa görüşüb, gələcək karyeraları barədə məlumatlar əldə edə biliblər. Tədbirdən sonra simpozium barədə yerli və xarici ölkələrin xəbər portallarında, eyni zamanda Freiberg Universitetinin rəsmi saytında geniş məlumatlar verilib (https://tu-freiberg.de/en/presse/international-engineering-symposium-in-azerbaijan).

 

Qeyd edək ki, 3-cü Beynəlxalq Mühəndislik Simpoziumunda  aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməklə iştirak etmək olar:  https://events.mm3.co.za/Event/?Id=6fc03fce-fe65-4a71-a629-e4379ba9c1ff&eventId=15308#dvtop

 

Qlobal Mühəndislik simpoziumlarının təşkil olunmasında əsas məqsəd ölkəmizdə  mühəndis olmağa can atan gənclərin bu sahənin peşəkarları ilə görüşərək bilik və bacarıqlarının artırılmasını təmin etmək, həmçinin, onları həvəsləndirmək və motivasiya etmək,  ölkə daxilində və xaricdə mühəndislik karyeralarını uğurla qurmalarına təkan verməkdir.

 

Oruc MUSTAFAYEV