“Mentorun 48 saatı” adlı “Bootcamp” tədbiri keçirilib


Şamaxıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin növbəti komponenti olan “Mentorluq üzrə ixtisaslaşma proqramı”na keçid məqsədilə “Mentorun 48 saatı” adlı “Bootcamp” tədbirinə start verilib. Tədbirdən əvvəl təhsil sahəsinə aid startapların nümayiş olunduğu sərgiyə baxış keçirilib. “Bootcamp”ın açılışında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, təhsil nazirinin müavini Firudin Qurbanov, Şamaxı rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış ediblər.

 

Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında bildirib ki, “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində keçirilən “Sabah, Bu gün Başlayır” tədbirinin məqsədi ali təhsil müəssisələrində (ATM) innovasiya ekosisteminin yaradılmasının təşviq edilməsidir. Layihə çərçivəsində ATM-lərdən 50 əməkdaşa innovativ ekosistemin yaradılmasına dair müvafiq təlimlər keçirilmiş və ekosistemin yaradılması mexanizmləri izah olunmuşdur.

 

Hazırda dünyada əsaslı qlobal dəyişikliklər baş verir. 4-cü sənaye inqilabı bəşəriyyətin bundan əvvəlki təcrübəsilə müqayisədə daha miqyaslı, əhatəli və mürəkkəbdir.

 

Bu baxımdan, qlobal problemlərin həll edilməsi, onların aradan qaldırılması üçün cəmiyyət hansı tip insanın formalaşmasından daha çox asılıdır.

 

Müasir tələblərə cavab verən, yüksək mədəniyyətə malik şəxsiyyətin formalaşması üçün lazım olan milli və bəşəri dəyərləri cəmiyyət mükəmməl təhsil vasitəsilə verə bilər. Bu baxımdan təhsil sistemimiz iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartlarına uyğun səviyyəyə qaldırılmalıdır.

 

Son illərdə Azərbaycan Respublikasında ali təhsilin inkişafı istiqamətində mühüm işlər görüldüyünü, bir sıra kardinal addımların atıldığını vurğulayan nazir müavini diqqətə çatdırıb: Bu sahədə Bolonya Bəyannaməsindən irəli gələn başlıca prinsiplərin tətbiqi ilə bağlı Dövlət Proqramları qəbul edilmiş, xeyli layihələr həyata keçirilmişdir. Bununla yanaşı, son illərdə aparıcı beynəlxalq təşkilatların statistik təhlilləri Azərbaycanda yerləşən ali təhsil müəssisələrinin reytinq səviyyəsinin yüksəldilməsinin zəruri olduğunu göstərir. Bu da bizdən ali təhsildə yeni yanaşmalar tələb edir.

 

Təhsil sistemi müxtəlif yaradıcılıq səviyyəsinə, aşağıdakı bacarıqlara malik alimlər, menecerlər və mütəxəssislər hazırlamalıdır:

 

  • a) mövcud texnologiya və məhsulları qorumaq;
  • b) yeni texnologiya və məhsulları iqtibas etmək (başqalarından götürmək);
  • c) yeni texnoloji prinsipləri və texnologiyaları inkişaf etdirmək.

 

İnkişaf etmiş ölkələr mürəkkəb texnoloji prosesləri layihələndirmək, idarə etmək və dəstəkləmək bacarığına malik ixtisaslı mühəndis kadrların hazırlanması proqramlarını sürətlə artırır. Ekspertlər bu qənaətdədirlər ki, dünya texnoloji yarışın yeni dalğasının astanasındadır.

 

Firudin Qurbanov qeyd edib ki, hazırda əmək bazarındakı real vəziyyət belədir: tələbənin fənlər üzrə yaxşı qiymətlərinin olması və hətta qısa istehsalat təcrübəsi belə kifayət etmir; işəgötürənlər namizədin yalnız praktiki təcrübəsinin mövcudluğunu müsbət qəbul edir; bu, təhsil müddətində əlavə qazanc, yay tətili zamanı müvəqqəti layihələrdə iş, universitetdəki istehsalat təcrübəsi ola bilər.

 

Tədbirdə bildirilib ki, 2021-ci ilin aprel ayından həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir. Layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə mentorluq proqramını və mentorların iştirakı ilə tələbələrin startap kimi yetişdirilməsi üzrə inkubasiya proqramlarını əhatə edən 2 komponentdən ibarətdir.

 

Tədbirdə dünyanın müxtəlif ölkələrindən innovativ texnoloji sahədə fəaliyyət göstərən azərbaycanlıların ölkəmiz ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, birgə fəaliyyətin təmin olunması, xüsusən də startapların inkişafı istiqamətində geniş imkanlar yaradan “TECH Diaspora” və “İnnovasiyalar Evi”nin yaradılmasından da danışılıb. Habelə innovasiya sahəsində ekosistemin daha da inkişaf etdirilməsi ilə bağlı “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin bu sahənin oyunçuları olan şirkətlərlə uğurlu əməkdaşlığı, görülən və görüləcək işlər haqqında məlumat verilib.

 

Çıxışlardan sonra “İnnovasiyalar və təhsil: yeni inkişaf yolu” mövzusunda panel müzakirələr gerçəkləşdirilib.

 

“Bootcamp”ın gedişində iştirakçılar “Microsoft”un qurucusu Bill Geytsin uşaqlığı, iş karyerası və inkişaf etməkdə olan ölkələrdə insanların həyatını yaxşılaşdırmaq istəyindən bəhs edən “Inside Bill's Brain” adlı sənədli filmi izləyiblər.

 

Tədbirin ikinci günündə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov ilə görüş, “Mentorluq, texnika və mexanizmləri”, “İdeyadan innovasiyaya” mövzusunda təlimlər, “EduTech” panel müzakirəsi keçirilib, eyni zamanda, Şamaxı Safari Parkına tur təşkil olunub.