Azərbaycan-Fransız Universiteti (UFAZ) tələbələrinin “Yer elmləri” tələbə klubunun təqdimatı keçirilib.

 

Onlayn təqdimatda UFAZ-ın Yer elmləri üzrə koordinatorları Clara Jodry və Elşən Abdullayev, Neft və qaz üzrə koordinatoru Fidan Aslanzadə, baş katib Elizaveta Bydanova və müxtəlif ixtisaslar üzrə təhsil alan UFAZ tələbələri iştirak ediblər.

 

Universitetdən bildirilib ki, yeni yaradılan klub hər bir tələbəyə açıqdır və Geofizika mühəndisliyi, Neft və Qaz mühəndisliyi üzrə təhsil alan tələbələr üçün Yer elmləri sahəsinə dair daha dərin bilik və təcrübə əldə etmək imkanı yaratmaqla bərabər, digər ixtisaslar üzrə təhsil alan tələbələr üçün də təbiətin təklif etdiyi imkanları kəşf etmək kimi fürsətlər yaradacaq.

 

“Yer elmləri” klubu sahə gəzintilərini, UFAZ-a dəvət olunmuş Yer elmləri və Neft-qaz üzrə ixtisaslaşmış mütəxəssislərin texniki mühazirələrini, yerli və beynəlxalq şirkətlərdə görüşləri nəzərdə tutur.

 

Tələbələrin bu cür klublarda könüllülük təcrübəsi əldə etməsi, ümumilikdə gələcək karyeralarının inkişafı baxımından əhəmiyyətlidir və onlara əlavə bacarıqlar qazanmağa imkan verir.