Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Polşa Respublikasının ölkəmizdəki səfiri Rafal Poborski ilə görüşüb.

 

Görüşdə G.Gəraybəyli beynəlxalq əlaqələrin genişləndirilməsini ATU-nun fəaliyyətində prioritet istiqamətlərdən biri kimi qiymətləndirib və qeyd edib ki,  hazırda dünyanın 80-ə yaxın elm və təhsil qurumu ilə bağlanmış müqavilələr əsasında əməkdaşlıq həyata keçirilir.

 

Polşanın ali təhsil müəssisələri, elmi qurumları ilə əlaqələrin qurulmasının əhəmiyyətindən bəhs edən rektor qeyd edib ki, müxtəlif istiqamətlər üzrə əməkdaşlığa hər bir imkan var və yaxın zamanlarda bu əlaqələrin yaranmasına Polşanın Azərbaycandakı səfirliyinin dəstəyi çox önəmlidir. Rektor qarşılıqlı əməkdaşlıq sayəsində bir çox uğurlu layihələrə imza atıla biləcəyini də vurğulayıb.

 

ATU-nun 90 illik tarixi haqqında səfirə məlumat verən G.Gəraybəyli, həmçinin universitetin müasir dövrdəki fəaliyyətinə də nəzər salıb. Qeyd olunub ki, hazırda ATU-nun 4 klinikası ilə yanaşı, 6 tədris binası, inzibati binası, 1700 yerlik 6 tələbə yataqxanası var. Təkcə 11 mərtəbəli müasir tipli tədris binası 2500 tələbəni qəbul etmək imkanına malikdir. Burada universitetin bir sıra nəzəri kafedraları, internet mərkəzi, 1 milyona yaxın kitab ehtiyatı olan unikal kitabxanası və "Təbib" nəşriyyatı yerləşir. Rektor, həmçinin bildirib ki, hazırda ATU-da 39 ölkədən 2000-dən çox əcnəbi tələbə təhsil alır.

 

Səfir Rafal Poborski ölkəsinin Azərbaycanla güclü əlaqələrindən söz açıb. Polşada 11 universitetin tibb profilli olduğunu vurğulayan səfir bu ali məktəblərlə ATU arasında münasibətlərin  yaranmasının vacibliyindən danışaraq, bu istiqamətdə işlərin davamına dəstəyini ifadə edib. Görüşdə ATU və Polşa alimlərinin birgə tibb təhsili üzrə dərsliklər hazırlaması məsələsi də müzakirə olunub.