Bakı Ali Neft Məktəbində (BANM) Mədəniyyət Nazirliyi, ICESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və “NewSpace Innovation” şirkətinin “ICESCO akseleratoru” adlı yeni pilot layihəsinin açılışı keçirilib.

 

BANM-dən bildirilib ki, layihənin məqsədi ICESCO-ya üzv ölkələrdə akselerator proqramları vasitəsilə dinamik yaradıcı texnologiya və mədəniyyət sahələrinin inkişaf etdirilməsidir.

 

Açılış tədbirində BANM-in rektoru Elmar Qasımov, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, ICESCO-nun Elm və texnologiya üzrə məsləhətçisi Məhəmməd Şərif, “NewSpace Innovation” şirkətinin təsisçisi Leyla Tağızadə, həmçinin şagird və tələbə startapçılar iştirak ediblər.

 

E.Qasımov belə əhəmiyyətli tədbirə BANM-in evsahibliyi etməsindən məmnunluğunu ifadə edib, buna görə mədəniyyət naziri Anar Kərimova təşəkkürünü bildirib.  

 

“ICESCO akseleratoru” layihəsinin əhəmiyyətinə toxunan E.Qasımov deyib ki,  layihədə 23 komanda iştirak edir. Rektor şagird və tələbələrdən ibarət olan komandalara uğurlar arzulayaraq, onlara ideyalarını və startap layihələrini reallaşdırmaq üçün tövsiyələrini verib.

 

Mədəniyyət nazirinin birinci müavini E.Əliyev qeyd edib ki, ICESCO İslam ölkələrinin təhsil, elm və mədəniyyət məsələləri ilə məşğul olan və üzv ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edən xüsusi təşkilatdır. Bu beynəlxalq təşkilat nəinki təhsil, elm və mədəniyyət, eyni zamanda bir çox sahələrdə Azərbaycanı dəstəkləyib: “Azərbaycan ərazilərinin işğal altında olduğu 30 ilə yaxın müddətdə ICESCO-nun ölkəmizin dostu kimi səylərinin şahidi olduq. Bu cür böyük təşkilatın bizi dəstəkləməsi olduqca önəmlidir. Bu layihədə də ICESCO-nun Azərbaycan gənclərinin yanında olması bizi çox sevindirir. Çünki gənclər bizim gələcəyimizdir. Siz hər biriniz gələcəkdə müxtəlif sahələri təmsil edən peşəkarlar olsanız da, müxtəlif sahələrdə çalışsanız da ali məqsədimiz Vətənimizə xidmət etməkdir”.

 

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik və Mədəniyyət Nazirliyinin Aparat rəhbəri, ICESCO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə isə tədbirə onlayn qoşulub və Azərbaycan-ICESCO əməkdaşlığının davamlı olacağına əminliklərini ifadə ediblər. Salim bin Məhəmməd əl-Malik bildirib ki, bu layihə çərçivəsində 2025-ci ilin sonuna qədər müsəlman ölkələrində 150-dən çox yaradıcı startapçılar dəstəklənəcək.

 

ICESCO-nun Elm və Texnologiya üzrə məsləhətçisi Məhəmməd Şərif də çıxışında Azərbaycanla əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq, bu layihəni əməkdaşlığın yeni mərhələsi kimi qiymətləndirib.

 

Layihə Azərbaycan, Qazaxıstan və Özbəkistanda baş tutacaq, ilkin olaraq 5 sənaye sahəsini əhatə edəcək. Bunlar kənd təsərrüfatı, rəqəmsal media, maliyyə texnologiyaları, əyləncə və oyunlar, turizm və qida texnologiyaları sahələridir. “NewSpace Innovation” şirkətinin təsisçisi Leyla Tağızadə “ICESCO akseleratoru” barədə məlumat verərək bildirib ki, layihə üç mərhələdən ibarətdir: “Layihədə iştirak edən komandalara biznesin qurulması, biznes modelləri, müştəri araşdırmaları mövzularında təlimlər keçiriləcək. Sonrakı mərhələ altı həftə ərzində intensiv mentor sessiyaları ilə davam edəcək. Bu mərhələdə komandalar ideyalarını təkmilləşdirəcək, təklif və prototiplər hazırlayaraq münsiflər heyəti qarşısında çıxış edəcəklər. Hər ölkənin 3 ən yaxşı komandası final mərhələsində iştirak etmək hüququ qazanacaq. Üçüncü mərhələdə hər ölkədən finala çıxan komandalar investor və sahibkarlar qarşısında startap ideyalarını təqdim edərək mükafat üçün mübarizə aparacaqlar”.

 

Sonda layihə iştirakçıları BANM-in kampusu ilə tanış olublar.