Paytaxtdakı 119 nömrəli tam orta məktəbdə Çin mədəniyyəti otağının və 218 nömrəli tam orta məktəbdə idman meydançasının açılış mərasimləri keçirilib.

 

Açılış mərasimlərində Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xanım Quo Min, millət vəkili, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov, millət vəkili Rauf Əliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov, Azərbaycan Dillər Universiteti nəzdindəki Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov, Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev və digər qonaqlar iştirak ediblər.

 

Öncə qonaqlar Çin mədəniyyəti otağına və idman meydançasına baxış keçiriblər.

 

Açılış mərasimlərində çıxış edən qonaqlar Heydər Əliyev Fondu və Azərbaycan Dillər Universiteti nəzdindəki Konfutsi İnstitutunun Çin səfirliyi ilə birgə həyata keçirdiyi “Çin mədəniyyəti otaqlarının yaradılması” layihəsini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, layihə çərçivəsində Çin Xalq Respublikasının (ÇXR) mədəniyyətinin, tarixinin, incəsənətinin, idman ənənələrinin tədqiq edilməsi, Çin dilinin azərbaycanlı şagirdlər tərəfindən öyrənilməsi təhsil sahəsindəki münasibətlərin daha da inkişaf etdirilməsinə rəvac verir.

 

Çin səfirliyi tərəfindən BŞTİ-nin tabeliyindəki 4 məktəbdə (117, 119, 120 və 237 nömrəli tam orta məktəblər) Çin mədəniyyəti otaqlarının yaradıldığı və bu otaqların bütün lazımi avadanlıqlarla təmin olunduğu nəzərə çatdırılıb.

 

Bildirilib ki, şagirdlər arasında idmana meyil və marağın gücləndirilməsi məqsədilə yaradılan idman meydançası müvafiq standartlara cavab verir.