Ötən ilin elə bu zamanlarında güman edə bilməzdik ki, Qarabağda erməni hökmranlığının fiziki məhvinin vaxtının çatmasına sayılı günlər qalır. Təqvimdə 27 sentyabr tarixi gəlincəyə qədər hər şey yalnız bir sirrdən ibarət idi.

 

Ermənistan atəşkəsi həmişə olduğu kimi pozurdu, Azərbaycan tərəfi adekvat cavab verirdi. Amma irimiqyaslı müharibənin başlanmasını xəyalımıza belə gətirə gəlmirdik.

 

Məlum oldu ki, dövlətimiz cəbhə bölgəsindəki vəziyyətə, erməni hərbi birləşmələrinin diversiya fəaliyyətinə, təxribat xarakterli bəyanatlarına fərqli cavab hazırlayıb: müharibəni başlamaq və işğaldakı bütün torpaqları, hər dağı, hər dərəni düşməndən təmizləmək!

 

Cəmiyyət o qədər çevik reaksiya verdi, özünü o qədər ürəkli göstərdi ki, bir də baxdıq, çağırış məntəqələrinin qarşısı könüllülərlə doludur. Baxdıq ki, Xalq dəmir bir yumruğa dönüb,  Ali Baş Komandanın ətrafında sıx birləşib. 

 

Savaş başlayan andan hiss olunan Zəfər şansı, arasıkəsilmədən gələn qələbə xəbərləri cəmiyyətə bir şeyi anladırdı: Bu siyasət qətiyyətlə, cəsarətlə yürüdülür və ortada Azərbaycanı ZƏFƏRə aparan mükəmməl bir plan var.

 

Dağlıq Qarabağın əsl sahibinə qaytarılması gerçəkliyi, bölgəyə ədalətin,  huzurun nəhayət ki, gəlməsi gözlərimiz qarşısında baş verirdi. Artıq Qarabağın kədərli taleyi dünyanın gözü önündə dəyişirdi.
Dünya gözəl bilirdi ki, Azərbaycan sülhpərvər imicini sona kimi qoruyub saxlamağa maraqlı dövlətdir. Ona görə yox ki,  düşməndən çəkinirdi,  hərbi meydanda özünü aciz hiss edirdi. Ona görə ki, müharibə hər iki tərəf üçün humanitar fəlakət, insan itkisi, dağıntılar, dəhşətli faciə səhnəsi demək idi.  Amma Azərbaycan buna məcbur idi: günlərin bir günü torpaqlarını geri almaq, düşmənin təxribatlarına layiqli cavab vermək üçün Vətən müharibəsinə başladı. Bu, Qafqazın tarixini öyrənmək, tanımaq, Qarabağın azadlığı məsələsinə gözünə ədalət eynəyi taxıb baxmaq istəməyən dünyanın riyakarlığı ucbatından oldu!

Ermənilərin 200 ildən çox davam edən düşmənçilik siyasətini kimsə görmək istədimi?

Məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişdilər; münbit əraziləri ələ keçirdilər; azərbaycanlıları öz dədə-baba torpaqlarından zaman-zaman qovdular;  İrəvan, Dərələyəz, Zəngəzur, Göyçə, Tiflis, Naxçıvan, Bakı, Gəncə, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Muğan və Göyçayda on minlərlə dinc azərbaycanlı əhalini soyqırımına məruz qoydular, yüzlərlə yaşayış məntəqəsini dağıtdılar, bəzi ərazilərin izini sildilər. Sovet dövründə 150 min azərbaycanlı deportasiya olundu,  sovetlər dağılan ərəfədə isə daha 250 min azərbaycanlı öz doğma yurdundan didərgin düşdü və beləliklə, Ermənistan monoetnik dövlətə çevrildi. Kimsə Ermənistana “dur” dedimi?

 

Heç kəs bölgəni qan gölünə döndərən Ermənistanı müqəssir elan etmədi.  Azərbaycanın Vətən müharibəsini aparmaqda nə qədər haqlı olduğunu bu faktlar çox gözəl izah edir. 

 

Düşmən azğınlaşır, dünya susursa, o zaman çarə tapmaq haqqı pozulan tərəfin özünə qalır. Azərbaycan məhz belə etdi- kimin nə deyəcəyinə məhəl qoymadan meydana özü girdi.

 

Təkcə Qarabağı geri qazanmaq üçün yox, həm də Ermənistanın 200 illik xəyallarını öldürmək, “Böyük Ermənistan” ideyasını tarixin zibilliyinə atmaq üçün! O yekə xəyallar, əndazəni aşan iddialı arzular erməni əsgəri, erməni hərbi texnikası ilə birlikdə döyüş meydanında atəşdə külə çevrildi.

 

2020-ci il 27 sentyabr tarixində Ermənistan tərəfindən növbəti hərbi təxribat müharibəyə vazkeçilməz səbəb yaratdı. Bu, II Qarabağ müharibəsinin bilinməsi, heç zaman unudulmaması vacib olan proloqudur!

 

Söhbət hərbi qulluqçularla yanaşı,11 dinc sakinin, o cümlədən 2 uşağın həlak olmasından getmirdi, ondan gedirdi ki, təcavüzkar öz əməllərini davam etdirdikcə, insan itkisi hər gün yeni rəqəmlərlə dəyişəcək; düşmən irəliləmə cəsarəti tapıb yeni ərazilərə hücum edəcək, Qarabağ yarası daha da dərinləşəcək. Düşmənin hərbi təxribatlarını dəf etmək və təcavüzünə biryolluq son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Nə yaxşı ki, də verdi!!! Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ nəhayət, bərpa etdi!

 

Əgər Qarabağ beynəlxalq, diplomatik, siyasi masalarda sahibinə geri verilsəydi, qanlı müharibəyə ehtiyac qalmayacaqdı. Azərbaycan Qarabağı ona görə də Əsgərinin şücaəti, Şəhidinin qanı ilə geri qazandı!

 

Azərbaycan bu müddətdə modern silahlar aldı, gücləndi ki, işğalçını məhv etmək üçün çıxdığı hərb yolunda büdrəməsin! İllərlə aparılan bu düzgün siyasətin nəticəsində  büdrəmədi də!

 

Hərbi paradlarda nümayiş olunan müasir silahlar, intizamlı ordu, hər il artırılan hərbi büdcə sübut edirdi ki,  Azərbaycan Qarabağdakı uğursuzluğu qəbul etməyəcək. Şəri təmsil edən Ermənistanı havadarları susdurmaq istəmirsə, 30 illik işğalçını durdurmağın bir yolu  mütləq tapılacaq!     

 

Azərbaycan Qarabağ məsələsinin ədalətli həlli üçün hər zaman fürsətlər axtarırdı. Tale İlham Əliyevə öz ölkəsinin sərhədlərini haqsızlıqdan qurtarmaq fürsətini, zamanını 2020-ci ilin 27 sentyabrından başlayan və 44 gün davam edən bu tarixi günlərə tanıdı.

 

Xalq və  dövlət öz enerjisini, haqlı qəzəbini  bəyanatlara, quru kağız parçaları üzərinə uzunmüddətli tökə bilməzdi; böyük-böyük masalardan səs çıxmayanda, Qarabağın müqəddəratı ədalətsiz çevrələrdə qaraldılanda,  əlbəttə ki, bu enerji cəbhədə dağıdıcı rolunu oynamalı, taleyimizi qaraldanların taleyi qaraldılmalıydı!  

 

Qarabağın kədərli hekayəsini dəyişən VƏTƏNPƏRVƏR GƏNC NƏSİL  romantik xəyallarını, gənclik  əyləncələrini sakit, aydın bir dünyada yaşamalıykən, mərmilərin, topların atəşi altında odlu-alovlu əyləncələr yaşadı; kişilik imtahanı verdi; ŞƏHİD oldu, QAZİ oldu, sonunda VƏTƏNini qurtardı!!!

 

Tale Azərbaycanın üzünə güldü! Xocalının intiqamı alındı!
İşğal zəncirindən bir-bir qoparılan torpaqlar, müharibənin hərbi xəritəsi üzərində tamamlanan“HİLAL  taktiki” Azərbaycanın Ermənistan üzərindəki qələbəsinin son akkordları oldu.

 

Bir il bundan öncə o torpaqlarda qarşımıza çıxan döyüş cəhənnəmini, xarabalığı, səhralığı xatırladan acı mənzərəni bu gün nəfəsimiz, sevgimiz, qurmaq, tikmək iradəmiz, gücümüzlə dəyişmiş, orada CƏNNƏT QARABAĞın möhkəm təməlini atmışıq. Əbədi yurda çevirmək üçün! Yenidən yaşamaq üçün!!!

 

Vəfa ALLAHVERDİYEVA