27 sentyabr- Anım Günü münasibətlə Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının (YT Park) kollektivi, eləcə də onun rezidentləri olan Təcrübə-Sənaye Zavodu, “Elm və Texnologiya Parkı” və “Tak Noosh Group” MMC-nin əməkdaşları II Fəxri Xiyabanda və Şəhidlər Xiyabanında I və II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda döyüşən, Vətən, xalq yolunda canını fəda edən şəhidlərin məzarlarını ziyarət ediblər.

 

Texnoparkın əməkdaşları, həmçinin II Fəxri Xiyabanda torpağa tapşırılmış, YT Parkın baş mühəndisi Rahim Heydərovun oğlu, Təcrübə-Sənaye Zavodunun əməkdaşı olmuş Rafiq Heydərovun məzarına baş çəkib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

 

YT Parkın baş direktoru Vasif Abbasov bildirib ki, 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlər, arxa cəbhədə çalışan mülki insanlar, bütövlükdə xalqımız əzm, iradə, birlik və həmrəylik nümayiş etdirib. Baş direktor Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun şanlı tarix yazaraq zəfər qazanmasının xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdığını bildirib. Əlavə edib ki, Azərbaycan xalqı hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

 

Texnoparkın əməkdaşları Vətən müharibəsinin qəhrəman, cəsur döyüşçülərindən olan mərhum həmkarları Rafiq Heydərovun şərəfli döyüş yolundan danışıb, onunla bağlı xatirələrini bölüşüblər. Qeyd olunub ki, R.Heydərov gəncliyini, ömrünü Vətənə fəda edərək adını heç zaman unudulmayacaq qəhrəmanlar sırasına yazıb.

 

Daha sonra YT Parkın kollektivi Hərbi Qənimətlər Parkında olub, döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşməndən əldə edilən atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlarla tanış olublar.

 

Vurğulanıb ki, II Qarabağ müharibəsinin real nəticələri ilə daha yaxından tanış olmaq imkanı verən bu park gələcək nəsillərin tariximizi dərindən öyrənməsinə şərait yaradır.