Bir sıra ali təhsil ocaqlarında və elmi müəssisələrdə 27 sentyabr-Anım Günü ilə bağlı tədbirlər təşkil olunub.


 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) fizika fakültəsinin təşkilatçılığı ilə  “Zəfərə gedən yol” adlı onlayn tədbir keçirilib.

 

ADPU-nun  sosial və humanitar məsələlər üzrə prorektoru, professor  Fikrət Rzayev Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın azadlığı uğrunda apardığı uğurlu siyasət və Müzəffər Ordumuzun qalibiyyəti haqqında öz fikirlərini bölüşüb.

 

Fizika fakültəsinin dekanı, dosent Arzu Daşdəmirov belə tədbirlərin keçirilməsinin zəruri olduğunu, gənclərimizin vətənpərvər ruhda təhsil almalarına yol açdığını bildirib. Diqqətə çatdırıb ki, Vətən müharibəsində böyük şücaət göstərərək  şəhid olmuş baş leytenant Əvdil Quliyevin  övladı Tamara Quluzadə fizika fakültəsinin tələbəsidir.

 

Fizika fakültəsinin məzunu, müharibə iştirakçısı Haldun Əliyev, şəhid Böyükağa Şahverdiyevin bacısı Nəzakət Şahverdiyeva şəhid ailələrinin üzvlərinə göstərilən diqqət və qayğıya görə fakültə rəhbərliyinə təşəkkür ediblər.

 

Sonda 44 günlük  müharibəyə həsr olunmuş videoçarx nümayiş etdirilib.

                                                             ...

 

Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 27 sentyabr - Anım Günü münasibətilə şəhid və qazilərin ailə üzvlərinin iştirakı ilə geniş tədbir keçirilib.

 

İnstitutun direktoru, akademik İradə Hüseynova şəhid və qazilərin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açaraq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun torpaqlarımızı işğalçı düşməndən azad etdiyini bildirib. 

 

Qazilər Ceyhun Abdullayev və Arif Cəbrayılov 44 günlük Vətən savaşında keçdikləri döyüş yollarından, Azərbaycan əsgərinin əzmkarlığından və mübarizliyindən söz açaraq, şəhid ailələrinə, qazilərə göstərilən hərtərəfli qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

 

Tədbirdə çıxış edən qazi anaları - Nəsibə Abdullayeva və Mayaxanım Xanışova müharibənin çətin günlərində onlara dəstək olduqlarına, diqqət və qayğı göstərdiklərinə görə institutun rəhbərliyinə, əməkdaşlarına təşəkkürlərini çatdırıblar.

 

İnstitutun əməkdaşı, şəhid bacısı Firuzə Rzayeva şəhid ailələrinə dövlət tərəfindən daima qayğı göstərildiyini vurğulayaraq qeyd edib ki, şəhid olan hər bir əsgər əvvəllər yalnız bir ailənin övladı idisə, indi bütün xalqın övladına çevrilib.

 

                                                  ...

 

Azərbaycan Dillər Universitetində (ADU) keçirilən anım tədbirində universitetin əməkdaşları, müəllimləri və tələbələr iştirak ediblər.

 

ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla şəhidlərin əziz xatirəsinin daima qəlbimizdə yaşayacağını bildirib:

 

“Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Milli mentalitetimiz, milli ləyaqətimiz məhz xalqın qiymətli potensialı olan belə oğulların çiyinlərində yüksəlir. Torpaqlarımızı erməni tapdağından azad edərkən şəhid olmuş əsgərlərimizə Allahdan rəhmət diləyirik!”

 

Azərbaycan xalqının müzəffər xalq kimi dünya xalqları içərisində seçildiyini qeyd edən rektor bu tarixi uğura görə şəhidlərimizə, qazilərimizə, Ali Baş Komandan, Prezident İlham Əliyevə borclu olduğumuzu söyləyib.

 

Tədbir ADU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə hazırlanan bədii kompozisiya ilə davam edib.

                                                  ... 

 

Bakı Mühəndislik Universitetində (BMU) keçirilən tədbirdə rektor, professor Havar Məmmədov ölkə Prezidentinin Anım Gününün təsis edilməsi haqqındakı Sərəncamından bəhs edib. Bu addımın şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisi olduğunu vurğulayan H.Məmmədov bildirib ki, Azərbaycan xalqı və dövləti hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, şəhidlərin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

 

Müharibə zamanı Azərbaycan xalqının dünya tarixində misli görünməmiş, birlik, həmrəylik və fədakarlıq göstərərək Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşdiyini, düşmənə sarsıdıcı zərbələr endirildiyini önə çəkən rektor milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və Ordumuzun gücünün düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdiyini söyləyib.

 

Rektor azad edilmiş ərazilərdə bərpa istiqamətində aparılan böyük quruculuq işlərindən də danışıb. Çıxışının sonunda bu gün Ermənistanın revanşist ünsürlərinin qarşısında Azərbaycanın dəmir yumruğunun dayandığını deyən H.Məmmədov bildirib ki, cənab Prezidentimizin vurğuladığı kimi bundan sonra biz qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq, qürurla yaşayacağıq; Öz gələcəyimizi özümüz quracağıq, azad edilmiş torpaqları bərpa edəcəyik. Şəhidlərimizin xatirəsini daim qəlbimizdə yaşadacağıq!

 

Tədbirdə digər çıxış edənlər hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan qələbənin əhəmiyyətindən danışıblar.

                                         ...



27 sentyabr- Anım Günündə Lənkəran Dövlət Universitetinin (LDU) professor-müəllim heyəti Lənkəran şəhərinin mərkəzindəki Şəhidlər abidə kompleksini ziyarət edib.

 

Anım mərasimində Azərbaycanın ərazi bötövlüyü, müstəqilliyi uğrunda qurban gedən şəhidlərin döyüş şücaətləri haqqında çıxışlar edilib, şəhid valideynlərinin ürək sözləri dinlənilib.

 

 

Tədbirdə universitetin professor-müəllim heyəti LDU-nun şəhid məzunu Vüsal Kazımovun məzarını da ziyarət edərək, abidəsinin önünə qərənfillər düzüblər.

 

Universitetin rektoru, professor Natiq İbrahimov LDU-nun sosial məsələlər üzrə prorektoru Kamran Kazımova oğlu - baş leytenant Vüsal Kazımovun 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə yüksəlməsi ilə bağlı başsağlığı verib, belə bir vətənpərvər oğul böyüdüb tərbiyə etdiyinə görə minnətdarlıq bildirib, kollektivin, bütün xalqın onunla qürur duyduğunu dilə gətirib.

 

Mərasimdə şəhid Vüsal Kazımovun  keçdiyi şərəfli döyüş yolundan söz açılıb.

                                                ...

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Anım Günü tədbiri II Vətən müharibəsində şəhid olmuş ADNSU məzunlarının xatirəsinə salınmış Kompleksin önünə yürüş və əklil qoyulması ilə başlayıb.

 

Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, İctimai Etimad Şurasının sədri, millət vəkili Aydın Mirzəzadə, universitetin professor-müəllim heyəti, tələbələr həmçinin şəhid məzunların ailə üzvləri və yaxınları iştirak ediblər.

 

Tədbirdə ADNSU-nun şəhid məzunları haqqında universitet tərəfindən çəkilmiş “Tarix yazan qəhrəmanlar” sənədli filmi nümayiş olunub. 

 

Rektor, professor M.Babanlı haqq savaşında Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsində qazanılan zəfərdən, Azərbaycan xalqının birliyindən, ordumuzun qüdrətindən və qəhrəman oğulların igidliyindən söz açıb, bütün şəhidlərin, o cümlədən ADNSU-nun 22 şəhid məzununun xatirəsinin universitetdə hər zaman uca tutulacağını qeyd edib.

 

Anım Günündə şəhidlərin ailə üzvləri və yaxınları da çıxış edib, xatirələrini bölüşüb, şəhidlərə qarşı göstərilən diqqət və ehtirama görə təşəkkürlərini bildiriblər.

                                                   ...

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektorluğu, professor-müəllim heyəti və tələbələri ali məktəbin  müharibədə şəhid olmuş tələbə və məzunlarının 1 saylı tədris korpusunda yerləşən “Şəhidlərin xatirə guşəsi”ndə düzənlənən foto-sərgilərinin önündə onların ruhu qarşısında baş əyib, xatirələrinə hörmət və ehtiramlarını bildiriblər.

 

Anım mərasimi Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “30 illik Vətən həsrətimizə son qoyan 44 günlük müharibə şanlı tariximizdir” adlı onlayn seminarla davam edib.

 

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmədova Azərbaycan torpaqlarının 30 ilə yaxın müddətdə erməni qəsbkarlarının işğalı altında qaldığını, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun mənfur düşmənin cəbhəboyu çoxsaylı təxribatlarına cavab olaraq, ötən il sentyabrın 27-də əks-həmləyə keçərək sarsıdıcı zərbələr endirməklə torpaqlarımızı 44 günlük müharibədə azad etdiyini deyib. Rektor bu qələbə hissini xalqımıza yaşadan igidlərimizə minnətdarlığını bildirib, bu yolda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ölməzlik qazandıqlarını, hər zaman onlara borclu olduğumuzu vurğulayıb.