Bakının Səbail rayonunda yerləşən 239 nömrəli məktəbdə 27 sentyabr- Anım Günü münasibətilə tədbir keçirilib. Tədbirdə təhsil ocağının müəllim-şagird kollektivi ilə yanaşı, Səbail rayon şəhidlərinin ailələri, Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları, ziyalılar, Kütləvi İnformasiya Vasitələrinin  nümayəndələri iştirak edib.

        

Tədbir iştirakçıları öncə məktəbin həyətində ibtidai sinif şagirdlərinin 44 günlük Vətən müharibəsində canından keçən şəhidlərin xatirəsinə hazırladıqları kompozisiyanı izləyib.

        

Sonra məktəbin direktoru Sədaqət Əzimova Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun düşmənə sarsıdıcı zərbələr vurmasından, 30 ilə yaxın müddətdə işğal altında saxlanan torpaqlarımızın azad olunmasından bəhs edib. 27 sentyabr –Anım Gününün əhəmiyyətindən danışan direktor Vətən müharibəsində şəhid olan igidlərimizin ruhunu dərin hörmət və ehtiramla andığını, onların ruhu qarşısında baş əydiyini bildirib.

        

Şəhidlərin xatirəsinə məktəbdə yaradılan “Qarabağ Azərbaycandır!” lektoriyasından söz açan S.Əzimova burada Səbail rayon şəhidlərinin hər biri üçün ayrı-ayrılıqda xüsusi stend hazırlandığını diqqətə çatdırıb. Bildirilib ki, lektoriyada həm birinci Qarabağ müharibəsi, həm də 44 günlük Vətən müharibəsi haqqında ətraflı məlumatlar, Azərbaycanın Milli Qəhrəmanlarının şəkillərini əks etdirən stend mövcuddur.

 

Məktəbdə şagirdlərin milli vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi önəm verildiyini də deyən məktəb direktoru təhsil ocağında tez-tez şəhid ailələri ilə görüşlərin keçirildiyini söyləyib.

        

Tədbirdə çıxış edən şəhid anaları övladlarının Vətən müharibəsindəki şərəfli döyüş yolundan söz açıb, onlarla bağlı xatirələrini bölüşüblər.

        

Niyazi RƏHİMOV