Braziliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz Azərbaycan Dövlət Aqrar Universitetində olub.

 

Universitetin rektoru, professor İbrahim Cəfərov səfirə Gəncənin tarixi kökləri və Nizami Gəncəvi kimi dünya şöhrətli alimin vətəni olması haqqında məlumat verib. Sonra ali təhsil müəssisəsinin ikili diplom proqramlarından, Biotexnologiyalar mərkəzi, Tədris-təcrübə təsərrüfatı, yeni tədris korpusu və müasir laboratoriyaları haqqında danışan İ. Cəfərov bildirib ki, universitetdə 15 ixtisasda tələbələr dövlət sifarişi hesabına təhsil alır.
 

Səfir Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz ali məktəb barədə təəssüratlarının müsbət olduğunu, müasir standartlara uyğun işlərin aparıldığını, keyfiyyətli təhsil almaq və elmi-tədqiqat işlərini yerinə yetirmək üçün Aqrar Universitetdə böyük imkanların olduğunu qeyd edib. Gələcəkdə qarşılıqlı tələbə-müəllim mübadiləsinin aparılması və birgə elmi-tədqiqat işlərinin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.
 

Görüşdən sonra səfir universitetin Müasir tədris korpusu, baytarlıq fakültəsi, Tələbə parkı, Tədris-təcrübə təsərrüfatı, laboratoriyaları və s. ilə tanış olub.