Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev şəhid ailələrinin üzvləri olan - tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbəsi Zeynəb Bədəlova və şərqşünaslıq fakültəsinin tələbəsi Aysu Əmrahova ilə görüşüb.

 

Rektor görüşdə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində möhtəşəm qələbəsindən söz açaraq, BDU-nun 19 şəhid məzunu haqqında da danışıb. Əbədiyyətə qovuşan bütün qəhrəman şəhidlərimizin xatirəsinin daim uca tutulacağını, xalqımızın öz qəhrəman şəhidləri ilə  qürur duyduqlarını ifadə edib. Həmçinin şəhid ailələrinin üzvü olan tələbə-gənclərin təhsili, qayğıları ilə maraqlanıb, onlara təhsillərində uğurlar arzulayıb.

 

Qeyd edək ki, tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbəsi Zeynəb Bədəlovanın həyat yoldaşı baş leytenant Valeh Bədəlov Vətən müharibəsində Kəlbəcər istiqamətində gedən döyüşlərdə, şərqşünaslıq fakültəsinin tələbəsi Aysu Əmrahovanın atası Saməddin Əmrahov Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Hər iki şəhid qəhrəmanımız Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə orden və medallarla təltif olunub.