Sumqayıt Dövlət Universitetində dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Dil, cəmiyyət, şəxsiyyət və Nizami Gəncəvi yaradıcılığı” mövzusunda onlayn formatda Beynəlxalq elmi konfrans keçirilib.

 

Konfransa Azərbaycan, ABŞ, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Moldova və  Çindən alimlər qatılıblar.

 

Universitetin rektoru, professor Elxan Hüseynov tədbirin əhəmiyyətindən bəhs edərək, bu ilki konfransın coğrafiyasının daha da genişləndiyini, elmi məqalələrin sayının daha da artdığını söyləyib. Qeyd edib ki, Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Odur ki, böyük sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlayıb. Rektor qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini vurğulayıb, ali məktəbdə Nizami Gəncəvi adına tələbə təqaüdünün təsis olunmasını qeyd edib. Rektorun sözlərinə görə, təqaüdə universitet Elmi Şurasının qərarı ilə nizam-intizamı və intellekti ilə fərqlənən,  dərs əlaçısı, filologiya fakültəsinin III kurs tələbəsi  Nəzrin Oruclu layiq görülüb.

 

Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli “Nizami Gəncəvi yaradıcılığında tarixi şəxsiyyətlər”, akademik Möhsün Nağısoylu “Nizami Gəncəvinin Yaxın Şərq ədəbiyyatında yeri”,  Bişkek Dövlət Universitetinin elm üzrə prorektoru, professor Qulnara Murzaliyevna Murzaxmedova “О месте поэзии Низами Гянджеви в кыргызской литературе”, Əl-Fərabi adına Qazax Milli Universitetinin professoru Kalimaş Kapsamarovna Beqalinova  “Об особенностях этического учения Низами Гянджеви”, Belarus Dövlət Universitetinin professoru Svetlana Valentinovna Snapkovskaya “Культурная безопасность: актуальные аспекты исследования”,  Çinin Çjetsyan bölgəsinin Xuçjou Universitetinin Xarici Dillər İnstitutunun dosenti Çjou Xunvey “Языковая картина мира как отражение национально-культурного своеобразия языка”, Sumqayıt Dövlət Universitetinin Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri,  professor Avtandil Məmmədov “Nizami Gəncəvinin yaradıcılığında multikultural ənənələr” mövzularında məruzə ilə çıxış ediblər.

 

Məruzəçilər cəmiyyətdə baş verən hadisələrə ümumbəşəri mövqedən yanaşmanın Nizami yaradıcılığında xüsusi yer tutduğunu qeyd edib, yüksək milli-əxlaqi, bədii-estetik, vətənpərvərlik nümunəsi olan Nizami Gəncəvinin fenomenal bəşəri irsindən, humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, tərbiyə və bilik mənbəyi olan əsərlərindən danışıblar.

 

Konfrans öz işini 5 bölmə üzrə iki gün davam etdirəcək.