Elmi-pedaqoji fəaliyyət onun ömür yolu, tale yazısıdır


Müəllim adı cəmiyyətdə zaman-zaman çəkisini dəyişmiş, amma öz qədir-qiymətini daim saxlamış, həmişə ehtiramla çəkilmişdir. “Müəllim-el atasıdır” deyib qədirbilən xalqımız. Heç şübhəsiz ki, bu kəlamın məğzində müəllimin təkcə xalqın övladına elm-bilik vermək qabiliyyəti deyil, onun gənc nəslin təlim-tərbiyəsindəki əvəzsiz rolu, bu nəslin bir vətəndaş kimi, layiqli bir insan kimi yetişməsində ümdə vəzifəsi və iştirakı  vurğulanır. Bu çətin, keşməkeşli, əzablı həyat və yaradıcılıq yolunda müəllimin hansı səviyyədə olması tələbini cəmiyyətin həmişə özü müəyyən etmişdir. Bu, çox ədalətli tələb kimi müəllimin yaradıcı qüvvəsinin meyarına çevrilmiş bir kateqoriya kimi səslənmişdir; təhsil ləyaqətli insan tərbiyəsinin əsas hissəsidir. Buna görə də müəllim təlim-tərbiyə sistemində, təhsil məkanında özü nümunəyə çevrilmişdir.

 

Fransız yazıçısı və şairi Antuan de Sent-Ekzüperi demişdir: “İnsanı tərbiyə-təhsil sistemi yaradır”. İnsan həyatının mənası yaradıcı təfəkkürün reallaşdırılmasıdırsa, bu işdə müəllimin rolu, bəlli olduğu kimi, əvəzolunmazdır. Bu halda müəllimin özünün yaradıcı təfəkkürünün mütləq ifadəsi üzə çıxır: yaxşı müəllim  həqiqəti  aşılayır, onu təqdim edir; ustad müəllim isə bu həqiqəti tapmaq, onu dərk etmək yollarını öyrədə bilir.

 

Məqalədə belə ustad müəllimlərdən biri-filologiya elmləri doktoru, Bakı Slavyan Universitetinin (BSU) Müasir rus dili kafedrasının professoru, Əməkdar elm xadimi Lidiya Qranovskayanın həyat və yaradıcılıq yoluna nəzər salmağı qarşıya məqsəd qoymuşuq.

 

Lidiya Qranovskayanın  elmi-pedaqoji fəaliyyətinin faktiki göstəricilərinə nəzər salmazdan öncə əsaslı bir faktı şərh etmək istərdik.

 

Görkəmli alim, professor  Məmməd Tağıyevin təməlini qoyduğu Azərbaycan rusistikası kimi qüdrətli və Cənubi Qafqazda öz layiqli yerini tutmuş elmi məktəbin bərqərar olub, inkişaf etməsində Lidiya Qranovskayanın öz yeri, öz dəst-xətti olmuşdur. Hələ o vaxtlar - keçən əsrin 60-cı illərində Lidiya Qranovskaya Rusiya elmi rusistika mərkəzləri ilə sıx əlaqədə olurdu, Azərbaycanda filologiya elminin bu sahəsində görülən işləri Rusiya alimlərinin nəzərinə kifayət qədər ciddi arqumentlərlə çatdırırdı, ümumən Sovet İttifaqı məkanında Azərbaycan rusistikasını layiqincə təmsil etmək, Azərbaycan alimlərini tanıtmaq işində professor Məmməd Tağıyevə, Firudin Hüseynova və digər görkəmli alimlərimizə dəstək olurdu.

 

Beləliklə, Lidiya Qranovskaya keçmiş M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun (APRDƏİ), sonralar bu institutun davamçısı olan BSU-nun Qafqaz regionunda rusistika mərkəzinə çevrilməsində  önəmli işlər görmüşdür: beynəlxalq və ümumittifaq elmi konfransların BSU-da təşkil olunmasında o, əvəzsiz rol oynamışdır. Professor Lidiya Qranovskaya bu gün də universitetimizin Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi, Rusiya Mədəniyyət-İnformasiya Mərkəzi ilə əlaqələrinin möhkəmlənməsində fəal iştirak edir, görüşlər keçirir, mühazirələr oxuyur.

 

Azərbaycanda rus dilinin üslubiyyatı problemlərinin araşdırılması sahəsində Lidiya Qranovskayanın adı birincilər sırasında dayanır, o, rusistikanın bu aspektinin inkişafına rəhbərlik edir: “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalında stilist-redaktor kimi fəaliyyətini davam etdirir, universitetimizin “Elmi əsərlər” məcmuəsinin 10 ildən artıq redaktoru olmuşdur.

 

Lidiya Qranovskayanın insani, vətəndaşlıq mövqeyindən də danışmağı lazım bilirik. 1935-ci il iyunun 20-də Kiyev şəhərində anadan olan Lidiya Qranovskaya  5 yaşında olarkən valideynləri ilə Kiyevdən Bakıya təxliyyə olunmuşdur. Bakıda oxuyub, təhsil almış, burada ailə həyatı qurmuşdur. 1956-cı ildə M.F.Axundov adına APRDƏİ-ni (indiki BSU) bitirmişdir. Həmin dövrdən bu ali təhsil müəssisəsində işləyir, bir pedaqoq və alim kimi məhz burada formalaşmışdır. 65 ildən çoxdur  ki, BSU-da vicdanla xalqımızın övladlarına rus dilinin nəzəri leksikologiyasından və ümumi ritorikadan dərs deyir. Ötən əsrin 90-cı illərinin ağrı-acısına dözməyən bir çox rusdilli ailələrin respublikamızdan köçüb getməsi hamıya məlumdur. Soruşanda ki, bəs nə əcəb, siz köçməmisiniz, cavab verir: “Mənim Vətənim Azərbaycandır: müharibənin qanlı-qadalı günlərində mənə ana kimi isti, çörəkli qucağını açmış bu diyara necə xəyanət edim? Atamın, anamın, ömür-gün yoldaşımın uyuduğu bu torpağa mən necə xəyanət edə bilərəm?! Bir də, bilirsiniz, mən öz kollektivimi, öz sevimli tələbələrimi, özüm hazırladığım alimləri necə tərk edə bilərəm?! Belə bir fikir mənim nə ağlıma, nə də təfəkkürümə sığmır”.

 

Lidiya Qranovskaya ilk elmi əsərlərindən artıq özünün bir tədqiqatçı kimi böyük elmi potensiala malik olduğunu göstərmişdir. O, 1965-ci ildə “XVII-XX əsrlərdə rus dilində rəng bildirən sifətlər” mövzusunda  yazdığı namizədlik dissertasiyasını akademik N.Şvedovanın rəhbərliyi ilə müdafiə etmişdir. Bu, rus dilində sözlərin leksik-semantik qruplarının bir neçə əsr ərzində formalaşmasına və işlənilməsinə həsr olunmuş, dilçilərin xüsusi  marağına səbəb olmuş ilk tədqiqat əsərlərindən biri idi.

 

1970-ci illərdə Lidiya Qranovskaya rus mühacirətinin dilini öyrənməyə çalışmışdır. Bu mövzu sonralar geniş vüsət almışdır. Tədqiq edilən material onun “XIX əsrin sonu və XX əsrin əvvəllərində rus ədəbi dilinin leksikasının inkişafı” mövzusunda elmlər doktoru  elmi dərəcəsi almaq üçün 1981-ci ildə müdafiə etdiyi dissertasiyasının əsasını təşkil edir.

 

Professor Lidiya Qranovskayanın elmi əsərləri çoxşaxəli xarakterə malikdir. Lakin alimin diqqət mərkəzində həmişə rus ədəbi dilinin tarixi durur. O, bir neçə kitab və lüğətin müəllifidir. Onlardan “Rus dilinin üslubiyyatı” (Bakı, 1971), “XIX əsrin sonu və XX əsrin əvvəli rus dilinin leksikası” (Moskva, 1991), “Rus dili səpələnəndə” (Moskva, 1955), “Ritorika” (Moskva, 2004),  “İncildəki ad və qanadlı ifadələr lüğəti” (Moskva, 2003), “İncil toponimləri” (Bakı,2005), “İncilin bitki aləmi” (Bakı, 2005) “Məcaz və fiqurlar” (Bakı, 2010), “1918-1921-ci illər və vətəndaş müharibəsi dövrünün rus leksikası” (Bakı, 2019) və “Vətəndaş müharibəsi zamanlarının rus leksikası”nı  (Moskva, 2021) göstərmək olar.

 

Professor Lidiya Qranovskaya “Rusca-azərbaycanca lüğət”in (Bakı,1997) tərtibçilərindən biri, dördcildli “Azərbaycan-rusca lüğət”in (Bakı, 1986-2000) rəyçisidir.

 

Lidiya Qranovskayanın təhsil sahəsində xidmətləri böyükdür. O, tələbə və magistrantlar üçün proqramların, metodik və dərs vəsaitlərinin müəllifidir. Leksikologiya, üslubiyyat, mətn dilçiliyi, ritorika fənlərindən mühazirələr oxuyur.

 

Tanınmış alim Lidiya Qranovskaya “Bakı Slavyan Universitetində mühazirələr” seriyasından “Rus fəlsəfi ədəbi dili və üslubu” (Bakı, 2017), “Rus klassik ədəbi dili birinci dalğamühacirlərin şərhlərində” (Bakı, 2013), “Dövlət Dumasında ritorika” (1906-1917), (Bakı, 2013) və başqa materiallarla “Rus ədəbi dilinin tarixi” və “Ritorika” kurslarına layiqli töhfələr vermişdir.

 

Lidiya Qranovskayanın rəhbərliyi ilə 1 nəfər elmlər doktoru, 14 nəfər elmlər namizədi hazırlanmışdır. Azərbaycanda yüksəkixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasında fəal iştirakına və əldə etdiyi yüksək elmi nailiyyətlərə görə 2015-ci ildə Lidiya Qranovskayaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Əməkdar elm xadimi” fəxri adı verilmişdir.

 

Lidiya Qranovskaya universitet Elmi Şurasının, BSU-nun nəzdində fəaliyyət göstərən ixtisaslaşdırılmış Müdafiə Şurasının üzvü, “Azərbaycanda rus dili və ədəbiyyatı”  jurnalının elm şöbəsinin müdiridir.

 

Lidiya Qranovskaya  bütün elmi-pedaqoji və elmi-yaradıcı fəaliyyətini sosial-ictimai, elmi-nəzəri və digər aspektlərdə daim həyata keçirməyə çalışmışdır. Dərs dediyi tələbələr, magistrantlar, rəhbərlik etdiyi doktorantlar onun adını böyük hörmət və razılıqla çəkirlər.

 

Lidiya Qranovskaya bir tədqiqatçı alim kimi elmi yaradıcılığı sahəsində araşdırmalarını əsaslı və daha dərindən aparmağa çalışır. Eyni zamanda elmi tədqiqatlarında müddəaların inandırıcı olmasını təmin etməklə ciddi faktlara və sübutlara istinad edir.

 

Alimin elmi-pedaqoji fəaliyyətinə nəzər saldıqda onun qarşısına qoyduğu böyük məqsədlər uğrunda mübarizə apardığının şahidi oluruq. Elmi-pedaqoji fəaliyyət onun ömür yolu, tale yazısıdır.

 

Lidiya Qranovskayanın yüksək şəxsi keyfiyyətləri sırasında mühakimə yürütmək qabiliyyəti, sadəlik, təvazökarlıq professor-müəllim heyətinin və tələbələrin arzu və istəklərini hiss etmək, onlara qayğı ilə yanaşmaq, diqqətlə dinləmək, lazımi məsləhətlər vermək və digər bu kimi keyfiyyətləri xüsusi olaraq qeyd etmək lazımdır. O, çoxşaxəli  məhsuldar fəaliyyətə və yaradıcılığa malik, ətrafındakı insanların, işlədiyi kollektivin böyük hörmət və ehtiramını qazanmış sadə və xeyirxah insandır.

 

Lidiya Qranovskayaya möhkəm cansağlığı, şərəfli, müqəddəs və məsuliyyətli elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.

 

Validə İSAZADƏ,

Nəsirağa MƏMMƏDOV,

BSU-nun Müasir rus dili kafedrasının professorları