Lənkəran Dövlət Universitetində   (LDU)  “Nizami Gəncəvi yaradıcılığında vətən məhəbbəti” mövzusunda Respublika elmi konfransı keçirilib.

 

Onlayn  formatda  təşkil edilən konfransı universitetin  rektoru,  professor Natiq İbrahimov açıb. Bildirib ki,  Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə qeyd olunub. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan Ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirib və Ulu Öndərin  təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açıb. Universitet rəsmisi  ustad  şairin 1981-ci ildə Heydər Əliyevin  bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimlərinin  ölkəmizin  mədəni həyatında  əlamətdar hadisəyə  çevrildiyini xüsusi vurğulayıb. Bildirib ki, 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilib. N.İbrahimov ölkə başçısının sərəncamı ilə 2021-ci ilin  “Nizami Gəncəvi İli” elan edilməsini Nizami dühasına verilən böyük qiymətin və dahi şairə ehtiramın təcəssümü kimi dəyərləndirib. Bildirib ki, Nizami bütün zamanların ölməz söz ustadıdır,  xalqımızın dəyərsiz sərvətidir və həmişəyaşardır.

 

Elmi konfransda  LDU-nun İbtidai təhsil və məktəbəqədər təlim kafedrasının professoru, filologiya elmləri doktoru   Yədulla Ağazadənin   “Nizami yaradıcılığı elm, əxlaq və qəhrəmanlıq  abidəsidir”, Tarix və onun tədrisi metodikası kafedrasının müəllimi,  dosent Emin Məlikovun  “Nizami Gəncəvinin əsərləri Vətən tarixinin öyrənilməsində mənbə kimi”  mövzularında məruzələri dinlənilib. Məruzəçilər ölməz sənətkarı bütün dövrlərin parlaq şəxsiyyəti, sənətkarı, dahi söz sərrafı kimi dəyərləndirərək  bildiriblər ki,  Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir.

 

Konfransa Gəncədən qatılan Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun əməkdaşı , tarix üzrə fəlsəfə doktoru  Elnur Həsənov  “Nizami Gəncəvi əsərlərində xalq müdrikliyi vətənpərvərlik örnəyidir” mövzusunda çıxış edib.

 

Plenar islasdan sonra konfrans öz işini bölmələrdə davam etdirib.